Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ruben Vardanyanın aqibəti bütün separatçılara və revanşistlərə görk olmalıdır

Ruben Vardanyanın aqibəti bütün separatçılara və revanşistlərə görk olmalıdır


Münhen Təhlükəsizlik Konfransının budəfəki toplantısı çərçivəsində baş verən proseslər arasında ən yaddaqalan mühüm hadisələrdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin populyar “France 24” telekanalına verdiyi müsahibədə məşhur "Nürnberq prosesi"nə istinad etməsi və onu Qarabağdakı keçmiş separatçı xuntanın liderlərinin Bakıda keçirilən məhkəməsi ilə müqayisə etməsi oldu. Bu istinad və müqayisə həqiqətən də çox ədalətli oldu və tam da yerinə düşdü.
Sözügedən istinad və müqayisə həm siyasi baxımdan, həm də rəmzi aspektdən olduqca mühüm məna daşıyır. Çünki Nürnberq prosesi İkinci Dünya müharibəsindən sonra beynəlxalq hüququn təntənəsi və ədalətin bərpası üçün həyata keçirilmiş ən böyük məhkəmə tribunalı idi. Sülh və insanlıq əleyhinə ağır cinayətlərə yol vermiş, Azərbaycan xalqına qarşı soyqırımlar törətmiş və ərazi bütövlüyümüzə, suverenliyimizə qəsd etmiş erməni separatçılarının Bakıda baş tutan məhkəməsinin də ana hədəfi məhz ədalətin bərpasına nail olmaq, cinayətkarların cəzasız qalmamasını təmin etmək idi. Şükürlər olsun ki, bu hədəfimiz nəhayət gerçəkləşdi. Separatçı xuntanın liderciklərinin hər biri - istər Araik Harutyunyan və Ruben Vardanyan, istərsə də Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan və digərləri layiqli cəzalarını aldılar. Ədalət zəfər çaldı.
Bu baxımdan Prezident İlham Əliyevin fransalı jurnalistə müsahibəsində Nürnberq prosesini xatırlatması, Ermənistanın müharibə cinayətlərinə dair məsuliyyət məsələsini və separatçıların mühakiməsinin ədalətə söykəndiyini beynəlxalq auditoriyaya çatdırmaq məqsədi daşıyırdı. Münhen Təhlükəsizlik Konfransı kimi qlobal diplomatiya və siyasi müzakirələr platformasında yaranmış fürsətdən düzgün istifadə edib Nürnberq nümunəsini gündəmə gətirmək və Azərbaycanın mövqeyini beynəlxalq hüquq və ədalət çərçivəsində əsaslandırmaq həqiqətən də əla gediş idi.
Bu, həm də Ermənistan və Fransa ilə bərabər bütün dünya birliyinə açıq mesajdır ki, münaqişələrin güc, ədalət və hüququn birgə tətbiqi ilə səmərəli həlli mümkündür. Eyni zamanda, dövlətimizin başçısının Nürnberq prosesi ilə paralel qurması Azərbaycanın diplomatik ritorikasını gücləndirməklə yanaşı, danılmaz bir həqiqəti də hər kəsin diqqətinə çatdırmış oldu: “Bəli, ədalət gecikə bilər, amma qaçılmazdır”. Araiklərin, vardanyanların həbsinə də ilk növbədə məhz bu aspektdən yanaşılmalıdır. Çünki Bakı Hərbi Məhkəməsində verilən məhkəmə qərarları ayrı-ayrı erməniəsilli fərdlərin deyil, regionu uzun illər ərzində qan çanağına döndərən "böyük ermənistan" və “miatsum” kimi yırtıcı ideologiyaların, Azərbaycan xalqına qarşı irqçi-faşist planların liderlərinin və icraçılarının mühakiməsini əks etdirir.
Bu baxımdan fransız jurnalistin təxribatçı və ədalətsiz suallarına İlham Əliyevin böyük bir təmkin və dərin məntiqlə verdiyi cavablar həm də ədalətin şər üzərində qələbəsinin təntənəsi kimi dəyərləndirilməlidir. Həmçinin Kremlin agenti kimi tanınan avantürist milyarder Ruben Vardanyanın mühakiməsi də sülhə meydan oxuyanların, separatçılığın "sponsor"una çevrilənlərin və Azərbaycan dövlətçiliyinə qarşı çıxanların miskin sonluğunu, acı aqqibətini ortaya qoydu. Azərbaycan Prezidenti birmənalı olaraq göstərdi ki, xalqımıza və dövlətimizə qarşı çıxan şəxslərə güzəşt yoxdur. Bu, həm beynəlxalq ictimaiyyətə mesaj, həm də Ermənistanın revanşist qüvvələrinə birbaşa xəbərdarlıqdır. Bu mənada Ruben Vardanyanın aqibəti bütün separatçılara və revanşistlərə görk olmalıdır.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş