Newscenter.az.29.10.2019. Gəncədə şəhərində iki tələbənin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov məlumat verib.
E.Qasımov bildirilib ki, baş vermiş ağır avtomobil qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.4 (nəqliyyatda ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Zaur Məmmədovun idarə etdiyi "Lada Priora" markalı avtomobil İ.Qayıbov küçəsi ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olan zaman, Abbasəli Tağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub, daha sonra isə yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində, "Priora"nın sərnişinləri, Tərtər və Saatlı sakinləri, 2000-cı il təvəllüdlü Akif Arif oğlu Bayramlı və həmyaşıdı Eldar Kərim oğlu Məmmədov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Xatırladaq ki, qəzada həlak olanlar Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələridir.