Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gündüz İsmayılov: “Düzgün maarifləndirmə nəticəsində xurafatın kökün kəsmək mümkündür”



Newscenter.az.29.10.2019. Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yardımlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər.

Newscenter.az-a DİDK-dən bildirilib ki, seminar-treninqdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova bütün bölgələri əhatə edən maarifləndirmə tədbirlərinin, görüşlərin cəmiyyət tərəfindən maraqla qarşılandığını bildirib. Bu istiqamətdə görülən işlərin insanların sağlam mənbələrdən dini bilgiləri əldə etməsində, dini radikalizm, xurafat kimi mənfi təzahürlərin fəsadları barəsində məlumatlanmasında önəmli rola malik olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bildirib ki, bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvi anlayışının dini dəyərlərlə ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir. Bu da bəzən ciddi fikir ayrılıqlarına, ideoloji ziddiyyətlərə yol açır.

Sədr müavininin sözlərinə görə, dinə düzgün yanaşılmayacağı təqdirdə cəmiyyət və dövlət üçün ciddi problemlər yarada bilər. Bunun üçün ən optimal vasitə düzgün dini bilikləri, dinin cəmiyyət həyatının inkişafına çağıran, insanı kamilləşdirən, dözümlülük mühitini möhkəmləndirən əsas prinsiplərini maarifləndirmə yolu ilə vətəndaşlara çatdırmaqdır. Çünki yalnız düzgün maarifləndirmə nəticəsində xurafatın kökün kəsmək, radikal ekstremist qüvvələrin qarşısını almaq və dini cahillərin girovundan qurtarmaq mümkündür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini bildirən Gündüz İsmayılov vurğulayıb ki, orta məktəblərdə “Həyat bilgisi” fənninə dini bilgilərin daha da əhatəli daxil edilməsi, gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir.

DQİDK-nın Dini maarifləndirmə şöbəsinin müdir müavini Ruslan Əsgərov və Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə çıxışlarında dini dəyərlərimizin mahiyyətindən bəhs edib, bu dəyərlərin qorunmasının vacibliyinə toxunublar. Natiqlər vurğulayıblar ki, qeyri-ənənəvi dini təriqətlərin yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin doğru aparılmasından asılıdır.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Mehman
Xəbəri paylaş