Newscenter.az.29.10.2019. Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə böyük söz ustadının zəngin yaradıcılığı barədə şəxsi heyətə ətraflı məlumat verilib, Cavid şəxsiyyətinə və irsinə göstərilən dövlət qayğısından danışılıb. Bildirilib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin əsərləri xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur. Həqiqət şairi Hüseyn Cavid “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə həbs edilərək Sibirə sürgün olunub və doğma Vətənindən çox uzaqlarda vəfat edib. Vurğulanıb ki, böyük sənətkara əsl bəraəti ümummilli liderimiz Heydər Əliyev qazandırıb. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənəli şəkildə qeyd edilib, dahi şairin nəşinin qalıqları 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvanda torpağa tapşırılıb. Ulu Öndərin şəxsi təşəbbüsü və himayəsi ilə ədibin məzarı üzərində 1996-cı ildə məqbərə ucaldılıb, Naxçıvanda və Bakıda Hüseyn Cavidin ev-muzeyləri açılıb.
Bu gün Naxçıvan Muxtar Respublikasında Cavid irsinin yaşadılması, öyrənilməsi və təbliğ olunması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na Hüseyn Cavidin “Azər” poeması da daxil edilib.
Tədbirdə Hüseyn Cavid yaradıcılığına həsr olunmuş ədədbi-bədii kompozisiyada görkəmli ədibin əsərləri bədii qiraət olunub.
“Cavid ömrü” filmi nümayiş etdirildikdən sonra tədbirdə fəal iştirak edənlər mükafatlandırılıblar.
Naxçıvan Qarnizonunda keçirilən silsilə tədbirlər Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində davam etdirilib. Burada nümayiş olunan eksponatlarla yaxından tanış olan hərbi qulluqçular zəngin təəssüratlar əldə ediblər.