Newscenter.az.29.10.2019. Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Newscenter.az Bakı Şəhər Təhsil İdarəsinə istinadən xəbər verir ki, 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Dəyirmi masa”, seminar, müsabiqə və sərgilər təşkil olunur.
“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.
Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilir. Bildirilir ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir.
Bundan əlavə, çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıblar.
Qeyd edək ki, təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.
R.Mehdiyeva