Newscenter.az.30.10.2019. Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 150-dən çox hündürmərtəbəli binanı istiliklə təmin edən 9 saylı Rayon İstilik Qovşağının qaz təchizatı yaxşılaşdırılıb.
Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə. qeyd edilən qazanxana kompleksinə qazın verilməsi üçün kəmərlər elə Yeni Günəşli qəsəbəsinin əsası qoyulan zaman - ötən əsrin 70-80-ci illərində çəkilib. Keçən dövr ərzində qaz kəməri ayrı-ayrı hissələrdə korroziyaya uğrayıb, qaz sızmalarının sayı artıb. Ona görə də bu kəmərin yenisi ilə əvəz edilməsi qərara alınıb. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin sentyabrın 15-də çəkilişinə başladığı kəmər bu gün mənbəyə birləşdirilib. Beləliklə, qış mövsümündə qazanxana normal təzyiqdə qazla təmin ediləcək.
Qeyd edək ki, görülən işlər çərçivəsində ümumi uzunluğu 150 m olan 280 mm diametrində yeraltı polietilen və 270 m uzunluğunda 273 mm diametrində yerüstü polad qaz xətləri çəkilib.
Zaur