Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir



Newscenter.az.30.10.2019. Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir.

Newscenter.az xəbər verir ki, iclasda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali, Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edirlər.

Əvvəlcə iclas iştirakçıları xatirə şəkli çəkdiriblər.

İclasda çıxış edən Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə edərək bildirib ki, xalqlarımızın dostluğu və ümumi irsi Azərbaycanda yüksək qiymətləndirilir. Nazir MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasına görə təşəkkürünü ifadə edib.

Tədbirin səmərəli keçəcəyinə və münasibətlərimizin gələcək inkişafına xidmət edəcəyinə əminliyini bildirən general-polkovnik Zakir Həsənov deyib: “Ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, işbirliyinin yeni perspektivlərini müəyyən edəcək, habelə ölkələrimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.
Fürsətdən istifadə edərək, iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyində çalışan həmkarlarımıza minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, Azərbaycanda olmaqdan məmnun qalacaq, Bakı ilə daha yaxından tanışlıq və bu gün ölkəmizdə baş verən müsbət dəyişiklikləri yaxından izləmək imkanı əldə edəcəksiniz. Ölkələrimiz naminə qarşıda duran məsuliyyətli və mühüm məsələlərin həllində hər kəsə uğurlar və səmərəli iş arzu edirəm”.

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu iclasın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev qeyd edib ki, təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda və Hökumət Başçıları Şurasının oktyabrın 25-də Moskvada keçirilən iclaslarında bir daha təsdiqlənib.

O bildirib ki, MDB Müdafiə Nazirləri Şurasının fəaliyyəti çoxsahəli hərbi əməkdaşlığın inkişafına davamlı töhfələr verir. MDB ölkələrinin Müdafiə nazirlərinin hər bir görüşü üzv dövlətlərin hərbi əməkdaşlığın genişləndirilməsində ümumi maraqların olduğunu göstərir. Bugünkü görüşün gündəliyində 20-dən çox məsələnin yer alması buna nümunədir.

İcraiyyə Komitəsinin sədri MDB-yə sədrliyin gələn il Özbəkistana keçdiyini xatırladıb.

İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətlə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçiriblər.

Bundan başqa, iclasda “Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinin qeyd edilməsinə hazırlıq məsələləri müzakirə olunub. Eyni zamanda, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib.

İclasda MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı təsdiq edilib. Bundan başqa, iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də diqqət mərkəzində olub.
Xəbəri paylaş