Newscenter.az.21.11.2019. Facebook istifadəçilərinin suallarına canlı yayımda cavab verən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyir ki, "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində son dərəcə maraqlıdır". Ancaq bu "son dərəcə maraqlılıq" nədən ibarətdir, bax, buna isə heç heç bir aydınlıq gətirmir.
Cənab səfir jurnalistin "Dağlıq Qarabağ məsələsinə dair ABŞ ədalətli mövqe tutursa, onda niyə Ermənistana qarşı nəinki sanksiya tətbiq etmir, hətta işğalçı ölkəyə maliyyə yardımı göstərir?” sualına isə əsl diplomat kimi ikibaşlı cavab verib: “Sizi inandırım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ üçün də mühüm əhəmiyyət daşıyır. Həmçinin, bu məsələni keçirdiyim hər görüşdə müzakirə edirəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir və bu baxımdan hər iki tərəflə əməkdaşlıq edir, münaqişənin dinc yolla həlli yollarını axtarmaq öhdəliyinə sadiq olduğunu göstərir. Atdığımız addımlar Helsinki Yekun Aktı çərçivəsindədir. Bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu vurğulamaq istərdim. Əslində sanksiya tətbiq etməkdənsə, tərəflər arasında təmasların qurulması üçün və son nəticədə münaqişənin həllinə nail olmaq üçün hər iki tərəflə çalışmağı üstün tuturuq”.
Münaqişə edən hər iki tərəflə çalışmağı üstün tutmaq əlbəttə, ilk baxışdan olduqca müsbət addımdır. Ancaq tərəflərin ikisini də - işğalçı Ermənistanı və işğala məruz qalan Azərbaycanı eyni gözdə tutmaq və hələ üstəgəl işğalçı tərəfə maddi yardım, texniki yardım göstərmək isə heç bir humanitar və ümumbəşəri prinsiplərə sığmır.
Birdəki, gah Rusiyanı, gah İranı, gah da Türkiyəni tez-tez sanksiyalarla hədələyən Birləşmiş Ştatlar, nədənsə, təcavüzkar Ermənistana gəldikdə isə sanksiya tətbiq etməkdən ən müxtəlif üsullarla yayınır.
Yəqin ki, bu da əsl amerikasayağı "ikili standart"lardır..
Əlisahib Hüseynov-Demokratik Azərbaycan Dünyası Partiyasının sədri