Newscenter.az.18.12.2019. Dekabr ayının 17-si Azərbaycan Dövlət İqtisad Universitetində “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı dəyirmi masa keçirildi.
Newscenter.az xəbər verir ki, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Məclis, biznes nümayəndələri və elm adamlarının qatıldığı tədbir Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin idarə olunması departamentinin və “Carlsberg Azerbaijan” şirkətinin dəstəyi ilə reallaşdırıldı.
Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva çıxışında ölkədə vergi siyasəti sahəsində həyata keçirilən islahatlar, gələn ildən ölkədə tətbiq edilməsi planlaşdırılan əlavə güzəştlər, bu güzəştlərin sahibkarlığın, xüsusən də, kiçik və orta sahibkarlığın inkişafına təsiri barədə danışdı. Nazirlik nümayəndəsi həmçinin kölgə iqtisadiyyatı ilə mübarizədə aparılan tədbirlərin səmərəliliyindən danışdı.
Cənab V.Malçev təmsil etdiyi “Carlsberg Group”un Azərbaycan hökümətinin bizneslə əməkdaşlıq sahəsində atdığı addımları yüksək qiymətləndirdiyini və bu addımların dövlət-özəl sektor arasında səmərəli əməkdaşlığın yalnız başlanğıcı olduğunu vurğuladı.
Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov dövlət və özəl sektor arasında dialoqun beynəlxalq təcrübəsindən danışdı, eləcə də, tədbir iştirakçılarının suallarını cavablandırdı.
Tədbir Azərbaycanda iqtisadiyyatın və biznesin inkişafında dayanıqlı inkişafın əsasını qoyacaq yeni platformanın əsası qismində çıxış etdi. Müzakirələrdə həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Auditorlar Palatası və digər qurumların rəhbərləri iştirak etdilər.
Aydan