Newscenter.az.10.03.2020. “Azərenerji” Bakı və Abşeron yarımadasının 60 faizə yaxın ərazisini elektrik enerjisi ilə təchiz edən və paytaxtdakı əksər 110 kilovoltluq yarımstansiyaları qidalandıran sistem əhəmiyyətli 220 kilovoltluq “Xırdalan” yarımstansiyası tam yenidən qurulur.
Newscenter.az-a "Azərenerji" ASC-dən daxil olan məlumata görə, 1953-cü ildə tikildiyindən istismar müddətini çoxdan keçən yarımstansiya, əhalinin o cümlədən iqtisadiyyatın artan tempini qarşılamaq, qəzaların qarşısını almaq, itkiləri azaltmaq, eyni zamanda paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsi məqsədilə avadanlıqlar bütün parametrlər üzrə yenilənir. Artıq “Xırdalan” yarımstansiyasında 220 və 110 kilovoltluq açıq paylayıcı qurğuların yeni texnologiyalar əsasında yenidən qurulmasi prosesi və bütövlükdə metal-konstruksiya işləri başa çatıb.
Ərazidə yeni inzibati bina tikilib. Burada müasir tipli, məsafədən idarəolunan SCADA dispetçer sistemi qurularaq ümumi sistemə qoşulacaq və məlumatları qəbul etməklə yanaşı sistemə ötürəcək. Yarımstansiyada işlərin böyük hissəsi artıq yekunlaşıb və yaxın müddətdə işlər tamamlanacaq. Qeyd edək ki, “Azərenerji” “Reabilitasiya Proqramı” çərçivəsində 12 elektrik stansiyası, 20-dək yarımstansiyada kompleks şəklində yenidənqurma, təmir və bərpa işləri həyata keçirir.