Newscenter.az.21.03.2020. Ötən ilin dekabrında Çində peyda olan və indiyədək dünyanın 182 ölkəsinə yayılan koronavirus (COVİD -19) təhlükəsi davam edir. Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu martın 15-dən həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı təlim-treninqlərə başlayıb.
Səhiyyə Nazirliyindən "Reporta verilən məlumata görə, məqsəd koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim-tibb bacılarını virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əksepidemik tədbirlərə hazırlamaqdır.
Tibb işçilərinin virusdan qorunması üçün görülən işlər və treninqlərlə bağlı institutun rektoru, professor Nazim Qasımov bildirib ki, Azərbaycanda hazırda koronavirusla bağlı pandemik şərait müşahidə edilmir: "Prezidentin nəzarəti ilə görülən qabaqlayıcı tədbirlər nəticə verir, ölüm və yoluxma səviyyəsi aşağıdır, əksinə sağalanların sayı gündən-günə artır. Ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün maksimum tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi də öz növbəsində mühüm işlər görür. Bizim institutun üzərinə də vəzifələr düşüb. Səhiyyə Nazirliyinin tapşırığı ilə institutun kofedralarında onlayn və distant şəklində, eləcə də kiçik qruplarda botəhlükəsizlik, biomühafizəyə yönləndirilmiş xüsusi treninqlərə başlanılıb”,- rektor deyib.
İnstitut bayram günlərində də güclənmiş iş rejimində çalışacaq. N.Qasımov qeyd edib ki, bayram və istirahət günləri də daxil olmaqla treninqlər davam etdiriləcək: “Koronavirusla mübarizədə ilk sıralarda həkimlər, tibb işçiləri dayanır. Treninqlərdə xüsusi mühafizə vasitələri ilə işləmək təkmilləşdirilir. Xüsusi fərdi geyimlər, maska, əlcək, yaxud eynəklərdən düzgün qaydada istifadə etmək, geyinmək, soyunmaq, istifadə edilmiş vasitələrin utilizasiyası virusdan qorunmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu qaydalara düzgün riayyət edilmədiyi halda həkimlərin, tibb bacılarının özləri koronavirusa yoluxa bilərlər. İlk növbədə həkimlər, tibb bacıları özlərini qorumalıdılar. Buna görə də bu treninqlərin böyük əhəmiyyəti var. Birinci növbədə həkimlərin, tibb bacıların bu virusdan qorunmasına çalışırıq”.
Professorun sözlərinə görə, birinci mərhələdə aeroport və sərhəd-keçid məntəqələrində çalışan tibb işiləri treninqlərə cəlb edilib: "Hazırda isə onlayn treninqlərə başlamaq üçün tədbirlər yekunlaşmaq üzrədir. Eləcə də digər ixtisaslı həkimlər üçün koronavirusun xüsusiyyətləri haqda tibbi məlumatlar hazırlanıb, məlumatlar onlayn şəkildə həkimlərə ötürülür. Bu məlumatlar yalnız həkimlər üçün nəzərdə tutulub. Həkimlərə həmçinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş müalicə protokolları göndərilir".
Professor əlavə edib ki, koronavirus yenidir, günlərdir dünya alimləri virusun üzərində tədqiqatlar aparırlar: "Virusun inkişafı, yayıması, virus əleyhinə profilaktik tədbirlər, eləcə də müalicəsinə aid hər gün yeni məlumat əldə edilir. İnstitut həmin məlumatları tibb işçilərinə operativ şəkildə ötürür. İnstitutumuz mütəmadi, planlı şəkildə biomühafizə və karantin qaydaları ilə bağlı tibb işçilərini məlumatlandırırdı. Amma hər infeksiyanın öz xüsusiyyətləri var. İndi əsas fəaliyyət koronavirusa yönəldilib, hər yeni məlumatla bağlı həkimləri məlumatlandırırıq. Məsələn, bu gün koronavirusla bağlı yeni məlumat əldə ediib, dərhal tibb işçilərinə çatdırılıb. Bütün məlumatlar vaxtında çatdırılmalıdır ki, əksepidemik tədbirlər də vaxtında aparıla bilsin, maksumum effektli olsun”.
Rektor Azərbaycanda kadr potensialı ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, hazırda ölkəmizdə bütün ixtisaslar üzrə yetərli kadrlar var: "Hətta koronavirusla mübarizə üçün yanaşı ixtisas üzrə kadrlar da hazırlanır. Ehtiyac yaranarsa, onlar da virusla mübarizəyə qoşulacaqlar".