Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftin ətrafında nələr baş verir?



Newscenter.az.6.04.2020. Neftin qiymətləri ətrafında son günlər nələr baş verir? OPEK+ ölkələrinin hasilatın azaldılmasına dair öncə əldə etdikləri razılaşmanın vaxtı aprel ayının 1-də başa çatdı. Hasilatın azaldılması məqsədilə keçirilmiş son toplantıda isə pozitiv heç bir nəticə əldə olunmadı. Əksinə, toplantı iki nəhəng neft ölkəsi olan Rusiya və Səudiyyə Ərəbistanı arasında hasilatın həcminin azaldılması ilə bağlı ciddi fikir ayrılığının yaranması ilə yadda qaldı. Bazarda hegemonluğunu sübut etmək üçün hər iki tərəf hasilatı əsaslı şəkildə artıracaqlarını bəyan etdi. Neft hasilatının həcmi ətrafında gedən bu çəkişmələr sonda qiymətlərin bir barel üçün 24 dollar 64 sentə qədər ucuzlaşmasına gətirib çıxartdı.

Hər gün öz coğrafiyasını və yoluxma səviyyəsini genişləndirən koronavirus pandemiyası dünya iqtisadiyyatını çökməyə sürükləyir. Belə bir durumda Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft bazarları uğrunda baş verən münaqişə iqtisadiyyatı neftlə bağlı olan ölkələr üçün olduqca təhlükəli bir oyundur.

D.Trampın bir bəyanatı yetərli oldu ki, neftin qiymətləri 3 gün ərzində (aprelin 1-dən 3-nə qədər) 10 dollardan çox arta bilsin. Onun Səduyyə Ərəbstanı rəhbərliyi ilə Rusiya rəhbərini bir araya gətirmək cəhdi ilkin bəhrəsini verdi. Lakin görünən budur ki, Səduyyə Ərəbistanı ilə Rusiya bu məsələdə fikir birliyinə gəlməkdən çox uzaqdırlar. OPEK və digər neft hasil edən ölkələrin aprelin 6-na təyin edilmiş telekonfransının vaxtının dəyişdirilərək, aprelin 9-a keçirilməsi tərəflər arasında ciddi fikir ayrılığının olmasından xəbər verir. Konfransın vaxtının dəyişdirilməsi isə həmən neftin qiymətlərində keçən həftənin sonlarında qeydə alınmış qiymətlərinin yenidən azalmasına səbəb oldu.
Bu arada D.Tramp neft hasil edən ölkələri xəbərdar etdi ki, əgər onlar hasilatın azaldılması ilə bağlı razılığa gələ bilməsələr ABŞ neftin idxalına əhəmiyyətli gömrük rüsumları tətbiq edəcək.

Bu günə neftin qiymətləri ətrafında yaranmış durum belədir. Sabah nə olacaq? Aprelin 9-da OPEK+ ölkələr hansı qərarın altından imza atacaqlar? Rusiya və Səudiyyə Ərəbistanı neftin hasilatını azaltmaqla bağlı hər hansı bir razılığz gələ biləcəklərmi? Bütün bu suallar açıq olaraq qalır. Hadisələrin gedişini izləyək...

Fikrət Yusifov-iqtisad elmləri doktoru
Xəbəri paylaş