Newscenter.az.8.04.2020. Ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılır.
Newscenter.az-a daxil olan məlumata görə, ayrı-ayrı dövlət və özəl təşkilatlar, vətəndaşlar tərəfindən irəli sürülən nəcib təşəbbüslər çərçivəsində təşkil olunan xeyriyyə aksiyaları bu istiqamətdə işlərə töhfə olmaqla, ölkəmizdə pandemiyaya qarşı mübarizədə vətəndaş-dövlət həmrəyliyinin növbəti əyani təsdiqidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə pandemiyaya qarşı mübarizə məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq prokurorluq əməkdaşları da sosial həmrəylik nümayiş etdirirlər. Onlar aztəminatlı ailələrə dövlət qayğısının təzahürü olaraq növbəti addım kimi, həmin ailələrin sosial müdafiəsinin həyata keçirilməsi məqsədilə yardımlar ediblər.
Baş Prokurorluğun əməkdaşları müvafiq şəhər, rayon prokurorluqları və sosial müdafiə qurumlarının nümayəndələri ilə birgə Bakı şəhərinin Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Pirallahı və Qaradağ rayonları, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran şəhərlərində və Abşeron rayonunda yaşayan 1000 aztəminatlı ailəyə evlərində ərzaq məhsullarından ibarət yardımlar təqdim ediblər.
Prokurorluq əməkdaşları eyni zamanda həmin insanların səhhəti ilə maraqlanıb onlarla maarifləndirici söhbətlər aparmaqla yanaşı, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydaları barədə də məlumat veriblər.
Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən aztəminatlı ailələrin üzvləri dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.