Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

28 Aprel Azərbaycan tarixinin ən qanlı faciəsidir



Newscenter.az.28.04.2020. “Azərbaycan Cümhuriyyətinin Sovet Rusiyasının 11-ci Qızıl Ordusu tərəfindən işğalından 100 il ötür. Bu işğal Azərbaycanı 100 il geri saldı”.

Newscenter.az. xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, milli burjaziya, ziyalılar məhv edildi, ərazilərimizin bir hissəsi Ermənistana verildi:

“Sonrakı prosesdə Qarabağın işğalı reallaşdı. Bu gün ərazilərimizin 20 % işğalda qalması, Sovet sisteminin bizə mirasıdır. Əgər, Cümhuriyyətimiz işğala məruz qalmasaydı, Zəngəzur, Qarabağ da işğal olunmazdı. 100 il bundan əvvəl sapı özümüzdən olan baltalar Əlheydər Qarayev, Həmid Sultanov, Ayna Sultanova, Çingiz İldırım və digərləri Cümhuriyyətin devrilməsində mühüm rol aldılar və Rusiyanın işğalçı ordusunu Bakıda təmtəraqla qarşıladılar”.

Məhəmməd Əsədullazadə bildirib ki, 28 Aprel Azərbaycan tarixinin ən qanlı faciəsidir:

“Təəssüf ki, Azərbaycanı yenidən Rusiyanın əsarətində görmək istəyənlər var. Onlar fürsət gözləyir ki, Rusiya SSRİ-ni bərpa etsin. Birmənalı şəkildə həmin şəxslər bu xalqın, dövlətin düşmənləridir. Azərbaycan xalqı heç vaxt öz müstəqilliyini heç bir ölkəyə güzəştə getməyəcək. Rusiyaya meyilli olanlar bilməlidir ki, hazırda Rusiyanın tərkibində olan respublikaların əhalisi öz dillərini, mədəniyyətlərini unudub. Bir xalq olaraq öz kimliklərini unudur. Bundan əlavə, federasiyanın tərkibindəki respublikaların rəhbərliyi və xüsusi vəzifədə olanlar yalnız ruslar təşkil edir. Rusiya yerli xalqlara inam və etimad etmir”.

Politoloq onu da qeyd edib ki, bu gün bizim müstəqilliyimizə qənim kəsilənlər unutmasınlar ki, Azərbaycanda artıq yeni nəsil yetişib və bu nəsil müstəqillikdən vaz keçməyəcək:

“Qeyd edim ki, müəyyən səbəblərə görə idoloji boşluq var. Rusiyaya meyilli bəziləri çalışır ki, təhsildə və mədəniyyətdə türkçülüyü unutdursunlar, bu xalqın milli birliyinin pozulmasına çalışsınlar. Azərbaycan xalqı tarixdən dərs götürüb. Öz dəyanətliyi ilə yadelli qüvvələrə qarşı birlik nümayiş etdirmək qüvvəsinə malikdir”.

Mehman
Xəbəri paylaş