Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirusdan xilas olmağın 3 yolu-HANSILARDIR?



Newscenter.az.8.05.2020. Son günlər COVİD-19 ştamı ilə gündəlik xəstələnmə sayının sağalma sayını üstələməsi ciddi narahatlıq doğurur. Bir ailənin üzvlərinin və onlara yaxın şəxslərin xəstələnməsi halları mövcuddur. Yaxın qohumlar, dostlar kütləvi də olmasa, görüşüblər, ev ziyafətləri təşkil ediblər, birgə süfrə açıblar. Bütün bunlar ailədaxili yoluxma hallarının artması üçün kifayət edir.

Bu sözləri pofessor Adil Qeybulla son günlər yoluxma hallarının artmasının səbəbləri barədə danışarkən deyib. Professor bildirib ki, bina evlərində bayıra çıxan insanların liftdən istifadə zamanı lift düyməsinə, divarına, dəstəklərə toxunması, liftin içərisində birgə hərəkət zamanı ağız-burun aerozolundan yoluxma da nəzərdən qaçırılmamalıdır. Həmin proseslərdə yoluxmalar bu gün özünü göstərir:

"Əlbəttə, insanların ünsiyyətə olan ehtiyacı başadüşüləndir, lakin bu, karantin qaydalarının ciddi şəkildə pozulmasıdır. Bütün baş verənlər vətəndaş məsuliyyətinə bağlıdır. Polis hər nüansa nəzarət edə bilməz. Burada əsas nəzarətçi şüur və məsuliyyət olmalıdır. Bu gün karantin qaydalarının yumşaldılması ilə insanların küçələrə axışması, baş verənləri sanki unutması, iqnor etməsi, sosial məsafə gözləməməsi, maskadan istifadə etməməsi, şəxsi gigiyena qaydalarını gözləməməsi əldə olunan nailiyyətləri heçə endirir, yeni reinfeksiya dalğasının əsasını qoyur. Biz hələ karantin qaydalarının yumşaldılması ilə əlaqədar baş verən yoluxmaların nəticəsini yaxın həftələrdə müşahidə edəcəyik".

A.Qeybulla yaranmış situasiyadan çıxış yolu də göstərib:
Koronavirusdan xilas olmağın 3 yolu-HANSILARDIR?

"Birinci yol odur ki, karantin qaydaları ləğv edilsin və hər şey taleyin ümidinə buraxılsın. Bu zaman total xəstələnmə başlayır, nəticədə hamı tibbi yardım ala bilmir, atipik pnevmoniya ilə ağırlaşan xəstələrin əksəriyyəti dünyasını dəyişir, sağalanların bir qismində əlillik (ağ ciyərlərin pnevmosklerozuna bağlı) yaranır. Sonuncuların gələcəkdə, postpandemik dövrdə reabilitiasiyası, onlara ağciyər transplantasiyası məsələsi kimi problemlər ortaya çıxır. Amma kollektiv immunitet formalaşır (sağalanların qanında əks-cisimlər yaranır), virusun yaşamaq üçün məskəni (canlı hüceyrə) qalmadığından yoxa çıxır.

Nəzərə alaq ki, xəstələnib sağalan şəxsdə reinfeksiya təhlükəsi yoxdur!

Bu yol kütləvi tələfata aparan, təhlükəli və milli təhlükəsizliyimizi təhdid edə biləcək yol olardı.

İkinci yol karantin qaydalarını yenidən sərtləşdirmək və virus tamamilə yoxa çıxana və yaxud vaksin tapılıb immunizasiya aparılana qədər davam etdirməkdir. Nəzərə alaq ki, qarşıdan yay gəlir, istilər getdikcə artacaq. Proqnoza görə, bu il daha güclü və intensiv istilər gözlənilir. Belə istilərdə, xüsusilə yayda insanların uzun müddət sərt qaydalarla hərəkət azadlığının məhdudlaşdırılması, "evdəqal" rejimi xeyli problemli görünür. Kütləvi depressiya, psixoloji sarsıntılar, istivurma halları arta bilər, xroniki xəstələrin xəstəliyinin kəskinləşməsi halları geniş xarakter ala bilər. Kondisionerlərin kütləvi istismarı bir tərəfdən elektrik problemi yarada bilər, digər tərəfdən kondisioner xəstəliyi (legionellosis, soyuqdəymələr) arta bilər. Bununla yanaşı, sosial həyatı uzun müddət dondurmaq insanların yaşam şərtlərini pisləşdirə, ölkə iqtisadiyyatına sarsıdıcı zərbələr vura bilər. Düşünürəm ki, bu da effektiv yol hesab edilə bilməz".

A.Qeybulla bildirib ki, ən yaxşısı karantin qaydalarını insanların hərəkət azadlıqları istiqamətində yumşaltmaq, lakin karantin şərtlərinə əməl edilməsinə nəzarəti gücləndirməkdir:

"Bu zaman ticarət obyektlərinin, ərzaq mağazalarının, satış obyektlərinin, xidmət sahələrinin, bərbərxanaların fəaliyyətinə icazə verilir, lakin onların fəaliyyət qaydaları ilə bağlı xüsusi təlimatlar hazırlanır. Vətəndaş məsuliyyəti artırılır, karantin qaydalarının pozulmasına administrativ və ictimai nəzarət gücləndirilir. Karantin qaydasını pozan hər kəs üçün ictimai qınağın artırılması, ictimai pressinqin gücləndirilməsi üçün mexanizmlər düşünülür. Media insanlara məsuliyyətli olmağın önəmi, karantin qaydalarının mahiyyəti və zərurəti haqda usanmadan təbliğati işini davam etdirir. Sonuncu ən optimal yol hesab edilə bilər".

Həkim sonda vətəndaşlarımızı məsuliyyətli olmağa, karantin qaydalarını (sosial izolyasiya, maska, əllərin tez-tez yuyulması və bütövlükdə gigiyena) gözləməyə çağırıb.
Xəbəri paylaş