Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan klassiklərinin əsərlərinin tərcüməsi və nəşri layihəsi çərçivəsində görkəmli yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməsi nəşrinin təqdimatı Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində gerçəkləşib.
Newscenter.az xəbər verir ki, universitetinin Özbək dili və ədəbiyyatı fakültəsinin təşkilatçılığı ilə baş tutan tədbiri sözügedən fakültənin dekanı dosent Firuza Barxanova açaraq “Qılınc və qələm” romanının özbək dilində tərcüməsi və nəşrinin ədəbiyyatşünaslıq üçün böyük bir hadisə olduğunu qeyd edib. F.Barxanova özbək dili və ədəbiyyatı fakültəsi tələbələrinin Azərbaycan ədəbiyyatının, ələlxüsus da Azərbaycan klassiklərinə böyük maraq göstərdiklərini vurğulayaraq “Qılınc və qələm” romanının özbək dilində nəşrinin müəllim və tələbələr üçün bu baxımdan çox dəyərli bir əyani vəsait olacağını qeyd edib.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən indiyə qədər müxtəlif mövzulara çox sayda əsərin özbək dilinə tərcümə edilərək nəşr olunduğunu diqqətə çatdırıb. Azərbaycan Mədəniyyət Mərkəzinin qardaş ölkədə apardığı sistemli iş nəticəsində Azərbaycan yazıçılarının əsərlərinin tərcümə və çapının həyata keçirildiyini qeyd edən natiq bu sahədə xeyli iş görüldüyünü vurğulayıb. Azərbaycan və özbək ədəbiyyatının qarşılıqlı təsir nəticəsində inkişafından söz açan K. Məmmədzadə hər iki ölkə universitetlərinin müvafiq fakültələrində bu sahəyə xüsusi diqqətin vacibliyini də vurğulayıb.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Qurdosh Qahramanov zəngin tarixi keçmişə malik olan Azərbaycan ədəbiyyatının özbək ədəbiyyatşünaslığında öyrənilməsi sahəsində aparılan işlərdən danışaraq yeni yetişən gənc ədəbiyyatşünasların bu sahəyə xüsusi diqqət yetirmələrinin vacibliyini qeyd edib. Klassik Azərbaycan ədəbiyyatının iki görkəmli siması ilə əlaqədar olan “Qılınc və qələm” romanının böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında ən dəyərli bədii mənbə olduğunu vurğulayan Q.Qahramanov əsərin özbək oxucular tərəfindən böyük maraqla qarşılanacağını vurğulayıb.
Universitetinin dosenti Davron Qodirov klassik Azərbaycan ədəbiyyatının hər iki ölkənin mədəniyyətində, musiqisində xüsusi yerə malik olduğunu vurğulayan “Qılınc və qələm” tarixi romanının Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından çox dəyərli bir mənbə olduğunu da qeyd edib.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbək dili və ədəbiyyatı fakültəsinin dosenti Mahbuba Orozbayeva məruzə ilə çıxış edərək “Qılınc və qələm” romanı və əsərin müəllifi haqqında tələbələrə və tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirin sonunda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələri tərəfindən Azərbaycan klassiklərinə aid poeziya nümunələri səsləndirilib.
Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri – Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur, nəşrin redaktoru və ön sözün müəllifi isə Özbək alim Abdulla Uluqovdur.
Özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına əvəzsiz olaraq paylanması nəzərdə tutulub.
Süleyman