Newscenter.az.10.05.2020. Bu gün Azərbaycanın ümummilli lideri, böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.
Ümumilli liderin həyat yoluna nəzər saldıqda yazmalı, danışmalı xeyli məqamların olduğunu görərik. O, uzun illər mühüm vəzifələrdə çalışmaqla Azərbaycan xalqına, dövlətinə, Azərbaycançılığa xidmət edib, daim xalqımızın firavan yaşayışı üçün çalışıb. Onun bu uğurlu fəaliyyətini izlədikdə görürük ki, ümumilli lider böyük həyat təcrübəsinə və idarəçilik bacarığına malik olub. Belə ki, dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləyib və general-mayor rütbəsinə qədər yüksəlib. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Ümumilli lider 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəyə də susqun yanaşmayıb, ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O həmçinin SSRİ rəhbərliyinin anormal siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışan Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildi.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
Beləcə, Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
O 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində isə Azərbaycan Respublikasının Prezidenti seçildi.
1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən ümumilli lider yalnız müstəqillik illərində deyil, həm də Sovet dönəmində bir sıra mühüm addımların atılması və qərarların verməsi ilə də tarixə düşüb. Elm və təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev istedadlı gəncləri keçmiş SSRİ-nin qabaqcıl məktəblərinə təhsil almağa göndərir və beləliklə, yüksəkixtisaslı kadr potensialı yetişirdi. Eyni zamanda, incəsənət və ədəbiyyat inkişaf edir, milli ruhlu əsərlər yaranırdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən məhz bu kadr və intellekt potensialı köməyə çatdı.
Azərbaycanı milli maraqları üstün tutaraq beynəlxalq münasibətlər sistemində fəal, siyasi və iqtisadi cəhətdən sabit, demokratik dəyərlərə malik müasir dövlət modelinə aparan bir rəhbər kimi tarixə düşən ümumilli lider zamanında iqtisadiyyatın inkişafını dəstəkləyən təsisatların yaradılmasını da təmin etmişdi. Heydər Əliyevə olan inam və etibar sayəsində 1994-cü ildə xarici şirkətlərlə neft kontraktı – sonradan “Əsrin müqaviləsi” adı almış tarixi saziş imzalandı. Bununla da iqtisadi inkişafın əsası qoyuldu. Xalqın yaddaşında hər zaman yaşayan Heydər Əliyevi bu gün də bütün ölkədə dərin hörmət və məhəbbətlə, minnətdarlıqla anılır...
Nərmin Hüseynzadə
Yeni Azərbaycan Partiyası(YAP) Zəngilan rayon Təşkilatı Gənclər Birliyinin sədri