Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş Prokurorluq Goranboydakı hadisə ilə bağlı açıqlama yaydı



Newscenter.az.21.05.2020. Son günlər bəzi kütləvi informasiya vasitələrində Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu zamanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən guya döyülərək pəncərədən atılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğu həmin məlumatlarla bağlı dərhal araşdırmanın aparılmasını təmin edib.

Müəyyən edilib ki, cari il mayın 13-ü saat 11 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri - Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının guya kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gəliblər. Sivil qaydalara zidd olan davranış nümayiş etdirərək onları sülhə dəvət edən ətrafdakı insanları nalayiq ifadələrlə təhqir ediblər. Onlar öz davranışları ilə vətəndaşların qəbulunun keçirilməsi işini pozublar.

Münaqişənin sakitləşdirilməsi məqsədilə çıxan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov onları etik normalara riayət etməyə dəvət edib. Eldar Musayev onun müraciətinə məhəl qoymayaraq qeyri-etik davranışını davam etdirib. Arzu Verdiyev isə İcra Hakimiyyətinin nümayəndələrinə hədə-qorxu gələrək onları nalayiq ifadələrlə təhqir edib. Onlara müraciətləri ilə əlaqadar qanunamüvafiq tədbirlərin görüləcəyi barəda izah verilərkən Arzu Verdiyev başı ilə otağın pəncərəsini sındırıb, sonra özünü inzibati binanın birinci mərtəbəsindəki pəncərədən yerə atıb.

Rayon prokurorluğunun işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin olunub və hadisəyə şahid olmuş şəxslərin izahatı alınıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Rayon məhkəməsinin qərəri ilə Arzu Verdiyevin barəsində 10 gün müddətinə inzibati həbs seçilib, Eldar Musayev isə inzibati qaydada cərimə edilib.

Həmçinin müəyyən edilib ki, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev va Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Qeyd olunanları nəzərə alaraq bildirilir ki, konkret faktlara əsaslanmayan və dəqiqləşdirmə aparmadan bu cür məlumatları yaymaqla kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri qərəzli şəkildə ictimai rəyi çaşdırır və ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərə xələl gətirirlər. Azərbaycan Respublikası Baş Prokurorluğu xəbərdar edir ki, ictimai-siyasi sabitliyi pozmaq məqsədini daşıyan bu cür halların təkrar olunacağı təqdirdə müvafiq şəxslərin əməllərinə hüquqi qiymət veriləcək, qanuni əsaslar olduqda onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Xəbəri paylaş