Newscenter.az.21.05.2020. Milli Məclisin Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufs ilə görüşü keçirilib. Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov, işçi qrupun üzvləri, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Nigar Arpadarai, Məzahir Əfəndiyev iştirak edib.
Deputat Kamal Cəfərov səfirlə görüşün konstruktiv dialoqun başlanğıcı olmaqla, ənənəyə çevriləcəyini, Azərbaycan-Belçika parlamentlərarsı əlaqələrinə, bu əlaqələrin müsbət dinamikasına töhfə verəcəyini bildirib və qeyd edib ki, Milli Məclislə Belçika Parlamentinin həm Senatı, həm də Deputatlar Palatası ilə əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. K.Cəfərov Belçikanın ölkəmizin Avropa regionunda ən önəmli tərəfdaşlarından biri olduğunu və Belçikanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı dəstəklədiyini diqqətə çatdırıb.
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azərbaycanın xarici diplomatiyasının və beynəlxalq əlaqələrinin prioritet sahəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu, bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmasının vacibliyini bir daha səfirin diqqətinə çatdırıb.
Səfir Bert Skufs işçi qrupun üzvlərinə minnətdarlığını bildirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində ölkə parlamentlərinin xüsusi rol oynadığını, ali qanunverici orqanların potensialından tam istifadə edilməsinin zəruriliyini vurğulayıb. Səfir eyni zamanda Belçika Krallığının Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini birmənalı dəstəklədiyini bildirib.
Səfir Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Belçika kralı Əlahəzrət Filip arasındakı güclü dostluq münasibətlərinin mövcudluğu və bu münasibətin ölkələrimiz arasında olan siyasi və iqtisadi əlaqələrə öz müsbət töhfəsini verdiyini qeyd edib.
Deputat Kamal Cəfərov Azərbaycan Respublikası Milli Məclisi və Belçika Krallığının Azərbaycandakı səfirliyi arasında birgə işçi qrupunun yaradılmasının ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəyi barədə də danışıb.
Səfir öz növbəsində qaldırılan məsələ ilə bağlı müvafiq addımların atılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, bu istiqamətdə tədbirlərin görülməsinə hazır olduqlarını bildirib.
Anar