Newscenter.az.22.05.2020. Bu gün bəzi sosial şəbəkə resurslarında və youtube kanallarından cənab Prezident İlham Əliyevin korrupsiya ilə mübarizə tədbirlərinə və əldə olunan uğurlara qarşı ləkələmə kampaniyası aparılmaqdadır. Lakin reallıq ondan ibarətdir ki, dövlətimizin başçısı Azərbaycanımızı korrupsiyasız, şəffaf və qanunun aliliyinin təmin olduğu məmləkət kimi görmək istəyir. Elə bu səbəbdən də korrupsiya ilə qəti və amansız mübarizə cənab Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir.
Azərbaycanda korrupsiya ilə mübarizə siyasətinin əsasları hələ 1969-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin dövrdə Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlərdən biri və birincisi məhz korrupsiya, məmur özbaşınalığı ilə mübarizə oldu. Ulu Öndərimizin effektiv addımları nəticəsində ölkəmizdə qısa müddət ərzində sözügedən sahədə uğurlar əldə olundu.
Anti-korrupsiya tədbirlərinin müsbət nəticələrini həyatında hiss etmiş vətəndaşlardan biri də mən özüm olmuşam. Bu hadisə 1972-ci ildə olub. Hər kəs yaxşı bilir ki, keçmiş SSRİ zamanında ali məktəblərə imtahanlar zamanı rüşvətlə, tapşırıqla ali məktəbə daxil olanlar olurdu. Bu isə ədalət prinsipini pozurdu. Lakin çox yaxşı yadımdadır, 1972-ci ildə ali məktəbə sonuncu imtahanı verirdim. İmtahanın başlanmasına təxminən 15 dəqiqə qalmışdı, həmin vaxt imtahan götürəcək müəllilərim hər birinin dəyişdirildiyini öyrəndik. Eşitdik ki, ulu öndər Heydər Əliyev imtahanların şəffaf, tapşırıqsız, rüşvətsiz keçirilməsi üçün müvafiq ciddi tapşırıqlarını vermişdi. Məhz, həmin dövrdə mənim kimi yüzlərlə, minlərlə gənc rüşvət, tapşırıq olmadan universitetə daxil oldu, tələbə adını qazandı.
1992-ci ildə hakimiyyəti silahlı yolla, zorakılıqla qəsb edən AXC-Müsavat cütlüyü ölkəmizdə korrupsiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının ən pik həddini formalaşdırdı. Hətta, iş o yerə çatmışdı ki, o zamankı prezident məmurlarına deyirdi ki, rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al. Məhz, AXC-Müsavat cütlüyü 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin formalaşdırdığı rüşvətsiz, korrupsiyasız, inkişaf edən ölkə mühitini cəmi bir il ərzində məhv etdilər. Əli Kərimli kimi naşı dövlət katibi dövlət aparatına, Rəhim Qazıyev kimilər orduya, İsgəndər Həmidovlar hüquq-mühafizə sisteminə korrupsiya gətirdilər, özbaşınalıq yaratdılar. Əlbəttə ki, AXC-Müsavat cütlüyü tərəfindən keçmiş SSRİ-nin dağılması ilə yeni siyasi-ictimai və sosial-iqtisadi formasiyaya keçid edən ölkəmizə, cəmiyyətimizə çox böyük yaralar vuruldu.
1993-cü ildən başlaraq ulu öndər Heydər Əliyev və 2003-cü ildən sonra isə Prezident İlham Əliyev güclü və müstəqil Azərbaycan qurmaq üçün korrupsiyaya, rüşvətə müharibə elan etdilər. Və biz bu gün görürük ki, ölkəmizdə həqiqətən də qanunun aliliyi təmin edilir, korrupsiyanın, rüşvətin kökü kəsilir. Yerli və mərkəzi icra hakimiyyəti struktularında aparılan anti-korrupsiya əməliyyatları, üzə çıxan faktlar, ictimailəşdirilən hadisələr bir daha sübut edir ki, heç kəsin immuniteti yoxdur, hər kəs qanun qarşısında bərabərdir. Amma onu da bildirməliyəm ki, korrupsiya ilə mübarizə təkcə dövlətin yox, eyni zamanda cəmiyyətimizin də əsas vəzifəsidir. İctimaiyyət daim məmur fəaliyyətinə nəzarət etməlidir, əgər problemlər varsa vaxtında müraciətini etməlidir. Bir halda ki, bu dövlət bizimdir və onu gələcək nəsillərə ötürməliyiksə, o zaman problemlərə qarşı birgə mübarizə aparmalıyıq, cənab Prezident İlham Əliyevin addımlarını dəstəkləməliyik, radikal müxalifətin təxribatçı çağırışlarını isə qətiyyətlə rədd etməliyik.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı