Newscenter.az.15.08.2020. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşlarının gecə saatlarında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Xaçmaz rayonu Ləcət kənd sakini Şamil Pirəhmədov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirilmiş 33 ədəd narkotik tərkibli çətənə bitkiləri və 640 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı Şamil Pirəhmədov narkotik tərkibli bitkilərin ona məxsus olduğunu və aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini etiraf edib.
Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Coşqun Cəbrayılov yaşadığı evə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsindən 15 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.
Hər iki faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Mehman