Newscenter.az.26.08.2020. Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərlə İsmayıllı rayonunun Sumağallı kəndində görüş baş tutub. Newscenter.az-a daxil olan məlumata görə, tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbərliyi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru və layihə çərçivəsində keçirilən təlimləri uğurla tamamlayan qadın fermerlər iştirak ediblər.
Görüş zamanı qadın fermerlərin təsərrüfatlarına baxış keçirilib, təsərrüfat sahiblərinə ehtiyaclarına uyğun olaraq müvafiq avadanlıqlar (inkubator, medaqon, süd sağan aparat, seperator, yem üyüdən aparat və s.) verilib.
“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən AFAQ layihəsi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və “PAŞA Holding” tərəfindən dəstəklənir. Layihə aqrar sahədə fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. İsmayıllı rayonunun Kürdmaşı və Sumağallı kənlərindən 17 qadın fermer layihənin iştirakçısıdır.
Qeyd edək ki, layihəyə ilkin mərhələdə 500-ə yaxın qadın fermer müraciət edib, onlardan 72 fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılılıb. Yerli və xarici mütəxəssislər tərəfindən keçirilən təlim və konsultasiya dəstəyindən isə bu günə qədər 300-ə yaxın qadın fermer faydalanıb. Layihənin kriteriyalarına uyğun gələn təsərrüfat sahiblərinə göstərilən texniki, konsultasiya və təlim dəstəyinin bundan sonra da davam etdirələcək.
Layihədə iştirak etmək üçün qadın fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin Regional İdarələrinə, eləcə də rayon DAİM-lərinə müraciət edə, 1652 və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Məlumat üçün bildirik ki, bundan əvvəl Şamaxı rayonunun Məlikçobanlı kəndindən olan 3 qadın fermer də layihənin dəstəyindən faydalanıb. Onlara xırdabuynuzlu və iribuynuzlu kənd təsərrüfatı heyvanları verilib.
Anar