Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban xanım Əliyeva xalqın ona olan sevgisini, inamını və etimadını ən böyük mükafat hesab edir



Newscenter.az.26.08.2020. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini müasir müstəqil Azərbaycanın inkişafında, sosial məsələlərin həllində yaxından iştirak etmək, mərhəmət, əxlaqi ideyalara sadiqlik, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək təşkil edir. Eyni zamanda, Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışan, onun ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban xanım Əliyeva ölkəmizin dinamik inkişafı istiqamətində görülən işlərə ciddi töhfələr verir.

Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Məhz, Mehriban xanım Əliyevanın nəciblik, mərhəmət, xeyirxahlıq əməlləri sayəsində Azərbaycanda tarixən mövcud olmuş mesenatlığı, filantropiyanı yenidən dirçəltdi. Eyni zamanda, Mehriban Əliyeva UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri missiyasını şərəflə yerinə yetirir, Azərbaycan tarixini, mədəni irsini, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir. Təsadüfi deyildir ki, İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Mehriban xanəm Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində davamlı, məqsədyönlü iş aparılır. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir.

2017-ci il fevralın 21-də Mehriban xanəm Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi idi. Ötən müddətdə bu yüksək və məsul vəzifədə gördüyü işlərlə Mehriban xanım Əliyeva Prezidentin və xalqın etimadını layiqincə doğruldur. Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinə həsr etdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə minlərlə qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırıldı. Hətta, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Aprel döyüşləri zamanı sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edildi.

Mehriban xanım Əliyeva Azərbaycanda təhsil və səhiyyə sahəsində də irimiqyaslı işlərə imza atıb. Bu mənada, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar, eləcə də “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Eləcə də, Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı.

Bir sözlə, onun Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESKO-nun “Qızıl Motsart” medalı və başqa orden, medallarla təltif olunması Mehriban xanım Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyətinin həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin əyani sübutudur. Əlbəttə ki, bütün bu təltiflərlə yanaşı Mehriban xanım Əliyeva ən böyük mükafat hesab etdiyi xalqın ona olan sevgisini, inamını və etimadını qazanıb.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş