Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pərvin Kərimzadə: "Müasir Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsini yazan Mehriban xanım Əliyeva"



Newscenter.az.26.08.2020. Azərbaycan qadını zəkası, müdrikliyi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadınları eyni zamanda, tariximizin bütün dövrlərində taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib, ən əsası isə iradəsi, qəhrəmanlıqları, sədaqəti, vəfası ilə dünyaya nümunə olublar.

Müasir Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsini yazan Mehriban xanım Əliyeva böyük əzmkarlıqla məsuliyyətli missiyanın öhdəsindən gəlir. Çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanan Birinci vitse-prezidentin təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir.
Pərvin Kərimzadə: "Müasir Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsini yazan Mehriban xanım Əliyeva"

"Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar". Qadınların roluna yüksək qiymət verən dahi rəhbər Heydər Əliyevin qeyd etdiyi kimi müasir Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə layiqincə təcəssüm etdirən Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində daim mərhəmət, xeyirxahlıq, humanizm kimi ümumbəşəri prinsiplərə sadiq qalaraq təkcə statusuna görə yox, real əməli ilə ölkəmizin birinci xanımı olduğunu sübuta yetirib. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adlarını ləyaqətlə daşıyan, ümummilli liderin xeyirxah, nəcib əməllərini yaşadan Heydər Əliyev Fondunun Prezidenti kimi Mehriban xanım Əliyevanın Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində da fəaliyyəti misilsizdir.

Milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği, elmin, təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində gördüyü real əməllər Mehriban xanım Əliyevanın şəxsiyyətində nəciblik, qayğıkeşlik, insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlərin təcəssümünin ən bariz sübutudur.
Mehriban xanım Əliyeva bu gün qadın hərəkatının önündə gedərək beynəlxalq görüş və tədbirlərdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil edir, səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırır, Azərbaycan adlı məmləkətin həqiqətlərini, inkişaf yolunu bəşəriyyətə nişan verir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları, qaçqın və məcburi köçkünlərin haqq səsini hər fürsətdə dünyaya eşitdirir, ölkəmizin ərazi bütövlüyünün zor gücünə pozulması faktını yüksək tribunadan beynəlxalq ictimaiyyətin nəzərinə çatdırır

"Biz əminik ki, gün gələcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, hər bir məcburi köçkün, hər bir qaçqın öz doğma torpağına qayıdacaqdır. Bizim hər bir nailiyyətimizin arxasında Azərbaycan vətəndaşının zəkası, biliyi, bacarığı, istedadı və əməyi durur. Azərbaycan gələcəyə istiqamətlənən dövlətdir. Biz böyük yolun əvvəlindəyik. Müstəqil və dünyəvi dövlət olaraq, tariximizə və köklərimizə sadiq olaraq, mədəniyyətimizi və ənənələrimizi qoruyaraq biz ümumdünya dəyərlərinə, azadlıq, demokratiya, aşkarlıq, dünya birliyinə inteqrasiya yolunu seçmişik" – deyən Birinci vitse-prezidenti tez-tez köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında görmək olar.
Torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması ən müqəddəs arzusu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət ünvanladı, şəhid olan hərbçilərimizin ailə üzvlərinə diqqət və qayğısını əsirgəmədi.

Tutuduğu mövqedən, statusdan asılı olmayaraq hər bir azərbaycanlının taleyinə biganə qalmayan Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınının fədakar, humanist obrazını bütün dünyaya nümayiş etdirdi.

Doğma Azərbaycanı, müdrik xalqını hədsiz dərəcədə sevən Mehriban xanım Əliyevanın timsalında mərdlik, sədaqət, ucalıq mücəssəməsi Azərbaycan qadınının obrazı dünyada ləyaqətlə təmsil edilərək bəşəri idealların təntənəsinə xidmət edir.

Pərvin Kərimzadə-Milli Məclisin deputatı
Xəbəri paylaş