Newscenter.az.6.10.2020. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Baş Prokurorluğun “Qanun və Hüquq” jurnalına cəmiyyətimizdə aktuallığı ilə seçilən hüquqi-ictimai məsələlər sahəsində tədqiqatların təmin olunması məqsədi ilə beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı aktual məsələlər üzrə məqalələrin qəbulu üzrə müsabiqə elan olunub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, məlum olduğu kimi, beynəlxalq humanitar hüquq, xüsusən də, Cenevrə Konvensiyaları və 3 protokolu mülki əhalinin müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası həmin Konvensiya və onun protokollarına qoşularaq onların norma və prinsiplərinə ciddi şəkildə riayət edir.
Döyüş bölgəsi və ondan kənarda yaşayan dinc əhalinin, insanların psixoloji vəziyyətinin və əmlakının müdafiəsinə dair hüquqi mexanizmlərin inkişaf etdirilməsi, beynəlxalq humanitar hüququn cinayət, mülki və digər hüquq sahələri ilə uzlaşdırılması, onun əsas institutlarının və anlayışlarının təcrübədə tətbiq olunması mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq humanitar hüququn prinsip və normalarının pozulması hallarına Azərbaycan Respublikasının cinayət hüququna uyğun şəkildə hüquqi qiymətin verilməsi, cinayət əməllərinin istintaq zamanı düzgün tövsif olunması, həmçinin beynəlxalq hüquqi normaların pozulması nəticəsində dəymiş ziyanla əlaqədar mülki iddiaların qaldırılması və digər mühüm məsələlərin nəzəri-elmi əsaslarının tədqiqi insan hüquqları müdafiəsi üçün zəruridir.
Məqalə akademik hüquqi məqalələrin dərc edilməsi üçün qoyulan tələblərə cavab verməli, redaksiya heyəti tərəfindən qiymətləndirildikdən sonra nəşr ediləcəkdir.
Məqalənin təqdim olunması üçün son tarix: 10 noyabr 2020-ci il.
Məqalələr aşağıdakı elektron ünvanına təqdim edilməlidir: [email protected]