Newscenter.az.14.10.2020. Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi dünya psixoloqlarına müraciət edib.
Newscenter.az həmin müraciəti təqdim edir:
Hörmətli həmkarlar!
Bu gün bütün dünya ictimaiyyətinə bəllidir ki, 30 il ərzində Azərbaycan xalqı və ona məxsus torpaqlar təcavüzkar Ermənistan Respublikası tərəfindən davamlı hərbi təzyiqlərə məruz qalmışdır. Müharibə şəraitində yaşayan azərbaycanlılar məhz etnik mənsubiyyətlərinə görə tarixi, dədə-baba torpaqlarından qovulmuş, qaçqın-didərgin vəziyyətinə salınmış, öldürülmüş, şəhid edilmiş, əsir götürülmüşlər.
Ermənilər tərəfindən tarixdə misli görünməmiş Xocalı qətliamı törədilmişdir. Dağlıq Qarabağ və ona bitişik, münaqişə ərazisinə heç bir aidiyyatı olmayan, Azərbaycan Respublikasına məxsus 7 rayonda evlər, məktəblər, xəstəxanalar, tarix və mədəniyyət abidələri darmadağın edilmişdir. Həmin ərazilərdən bir milyon sayda əhali didərgin düşmüş, Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal edilmişdir.
Azərbaycana qarşı törədilən vandallıq və bu antiinsani hərəkətlərin 30 il ərzində ara vermədən davam etməsi insanlarda dərin psixoloji sarsıntıların yaranmasına və bu sarsıntının dərinləşməsinə səbəb olmuşdur. Lakin, Azərbaycan xalqı özünün milli-mənəvi potensialından güc alaraq işğal olunmuş torpaqlarına danışıqlar və sülh yolu ilə nail olmaq üçün onilliklər ərzində bütün dünyanın gözü qarşısında səbr və dözüm nümayiş etdirmişdir.
Azərbaycan dövləti tərəfindən edilən cəhdlərə baxmayaraq terrorçu erməni ordusu işğal olunmuş ərazilərimizdən çəkilməmiş, əksinə arasıkəsilmədən Azərbaycan coğrafiyasının yeni məntəqələrini atəşə tutmuş, tələfatlar, kütləvi qırğınlar törətmişlər.
2020-ci ilin iyul ayında Tovuz bölgəsinin, sonrakı müddətdə Gəncə, Şəmkir, Goranboy, Tərtər, Mingəçevir, Bərdə, Ağcabədi, Beyləqan və digər rayonlarının şiddətli atəşə tutulması, insanların evlərinin, mal-mülkünün raket və top atəşləri ilə dağıdıb həmin ərazilərdə yaşayan azərbaycanlı əhalidə psixoloji xof yaratmaq cəhdləri erməni xəyanətkarlığının inkarolunmaz dəlil-sübutudur.
Səbrin də həddi var. Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyev yüksək səviyyəli, ədalətli beynəlxalq mücadilə aparmaqla yanaşı, ermənilərin belə bir anti-insani, cinayətkar yoldan çəkinmələri, Azərbaycanın qanuni ərazisini tərk etmələri, başqa bir dövlətin ərazisinə soxulmağın səmərəsiz olduğu və qorxunc nəticələr törədəcəyi barədə Ermənistanın hərbi-siyasi rəhbərliyini dəfələrlə xəbərdar etmişdir. Lakin Ermənistan öz xalqını da rəzil günə qoyaraq məkirli, çirkin siyasətini davam etdirməkdədir.
2020-ci il sentyabr ayının 27-də Ermənistan ordusu yenidən Azərbaycanın Dağlıq Qarabağa aid olmayan, dinc insanların yaşadığı digər ərazilərini şiddətli top, mərmi, raket atəşinə tutmuş, çoxsaylı hərbi texnika və canlı hərbi qüvvəylə hücuma keçmişdir. Azərbaycanda 30 ildən bəri ermənilərin xain əlləriylə yandırılan müharibə ocağı yenidən alovlanmışdır.
Azğın düşmən Azərbaycan ordusu tərəfindən kəskin və qəti şəkildə cavabını almışdır. Azərbaycana məxsus, işğal altında olan bir çox şəhər və kəndlər, strateji yüksəkliklər azad edilmişdir.
Azərbaycan tərəfindən görülmüş hərbi tədbirlərə, Rusiya Federasiyasının təşəbbüsü ilə Moskva şəhərində Rusiya, Ermənistan və Azərbaycanın razılaşması əsasında humanitar atəşkəsə dair qərar verilməsinə baxmayaraq, Ermənistan ordusu nəinki bir, iki gün, heç bir neçə saat belə imzaladığı müqaviləyə əməl etməmiş, Azərbaycan torpaqlarını mərmi və top atəşlərinə tutmuşdur.
Bu gün dünya miqyasında heç kimə sirr deyil ki, öz hüquqlarından istifadə edərək Azərbaycan uğurlu döyüş əməliyyatları aparmış, düşmən ordusuna sarsıdıcı zərbələr endirmiş, bir çox ərazilərdən erməni hərbi qüvvələrini qovub çıxarmışdır.
Ermənistan, onun faşist təbiətli baş naziri Paşinyan baş vermiş hadisələrdən nəticə çıxarmaq, Azərbaycan torpaqlarını dinc şəraitdə tərk etmək əvəzinə, qaniçən missiyasına sadiq qalaraq Azərbaycanın mülki əhalisini, döyüş meydanından xeyli aralıda yerləşən kənd və şəhərləri, yolları, körpüləri, əkin sahələrini, mülki obyektləri atəşə tutmaqda davam edir.
Onlar humanitar atəşkəs müqaviləsindən dərhal sonra, gecə saat 2-də, insanların yatdığı bir vaxtda Xocalı soyqırımına bənzər daha bir faciə törətmişlər. Azərbaycanın ikinci böyük şəhərinə, sıx əhalisi olan, dahi şair Nizami Gəncəvinin uyuduğu müqəddəs yaşayış məntəqəsinə atılan raket zərbəsi bir gecədə 10 məsum insanın həyatına son qoymuş, dağıntılar arasından xilas edilən, ağır xəsarət alan , uşaqlı-böyüklü 40-a yaxın Gəncə sakini xəstəxanalara yerləşdirilmişdir.
Amansız cinayət bütün Azərbaycan xalqının şiddətli qəzəbinə səbəb olmuşdur. Nifrət doğuran odur ki, bu cinayətkar təcavüz Ermənistan Respublikasının ərazisindəki hərbi bazadan həyata keçirilmişdir.
Ermənilərin bu dərəcədə quduzlaşmasının səbəbi nədir?
Birincisi, ümumən onların çirkin basqınçı niyyəti. Təssüf ki, dünyanın sülhə barışığa can atdığı bir vaxtda Türk insanının fiziki məhvi hər bir erməninin amalına çevrilmişdir. Bu vəhşi niyyətin haradan qaynaqlandığını dünya ictimaiyyəti anlamaqda çətinlik çəkir.
Digər bir tərəfdən Azərbaycanın dinc əhalisinin, mülki şəxslərin atəşə tutulmasının konkret motivi döyüş meydanında erməni ordusunun aldığı sarsıdıcı zərbələrlə bağlıdır. Hərbi əməliyyatlardakı uğursuzluğu ört-basdır etmək üçün Ermənistan rəhbərliyi dinc azərbaycanlı əhalisi arasında kütləvi qırğın törətmək, məhz bu yolla ölkəmizdə kütləvi psixoloji xaos yaratmaq kimi məkirli niyyət güdür, qəsdən sülh danışıqlarını ağır zərbə altında qoyur.
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi olaraq baş verən hadisələrdə bütün məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü, ən yaxın zamanlarda müzəffər ordumuz tərəfindən Azərbaycana məxsus bütün ərazilərin azad olacağını bəyan edir və buna bütün varlığımızla inanırıq. Çünki, bizim işimiz haqq işidir. Çünki biz dünya dövlətləri tərəfindən tanınan tarixi, qanuni ərazimizdə terrorçu, təcavüzkar Ermənistan ordusuna, işğalçlara qarşı vuruşuruq!
Buna görə də böyük psixoloji gərginliklə müşahidə olunan haqq savaşında dünya ictimaiyyətini, dünya psixoloqlarını Azərbaycanın yanında olmağa, erməni vandallarına dur deməyə çağırırıq.
Qoy hər kəs bilsin ki, qələbə öz torpağında, öz vətəni uğrunda vuruşan Azərbaycan ordusunundur!
Qarabağ Azərbaycandır!