Newscenter.az.15.10.2020. Onsuz da çətin iqtisadi böhran, sosial partlayış ərəfəsində olan Ermənistan sentyabrın 27-də növbəti təxribat törətmək və Azərbaycana qarşı yeni bir təcavüzə başlamaqla mövcud durumunu bir qədər də ağırlaşdırdı. Azərbaycan Ordusunun erməni təxribatına qarşı əks hücumu nəticəsində düşmən tərəf təkcə çox sayda itki verərək canlı qüvvə sarıdan çətin vəziyyətlə qarşılaşmadı, eyni zamanda indiyə qədər formalaşdırdığı hərbi arsenalını demək olar ki, məhvə sürükləmiş oldu. Azərbaycan Ordusunun zərbələri qarşısında aciz duruma düşən Ermənistan hərbiyəsinin ilkin hesablamalara görə, qarşılaşdığı zərər 1 milyard dollar ətrafındadır. Hərbi əməliyyatların davam etdiyini nəzərə alsaq, bu rəqəmin bir qədər də artıq olacağı qənaətinə gələ bilərik.
Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan həm bu döyüşlərin qalibi, həm də hərbi əməliyyatlardan az itki ilə üzləşən tərəfidir ki, bu da ölkəmizin həm iqtisadi, həm də hərbi baxımdan güclü, qüdrətli olması ilə bağlıdır. Elə Milli Məclisin deputatı Eldəniz Səlimov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan Respublikası güclü, qüdrətli dövlətlər arasında daim öz qüdrətini göstərib. Elə buna görə də həmişə Ermənistan bundan ehtiyyat edərək öz havadarlarına arxayın olub addımlar atıb və hər zaman da məğlub duruma düşüb, uduzmağa davam edib. Deputat qeyd edib ki, Cənab Prezident İlham Əliyev heç bir zaman yürütdüyü siyasətdən kənar müstəvidə hərəkət etməmiş Ulu Öndərin qoyduğu cığır ilə dövlətimizi daim yüksək mövqelərə gətirib çıxarıb:
“Günümüzdə gedən müharibədə buna açıq sübutdur ki, Ermənistan həm hərbi, həm də siyasi tərəfdən bizdən dəfələrlə aşağı səviyyələrdə yer alır. Düşmən ölkənin baş naziri Nikol Paşinyanın verdiyi bütün qərarlar yalnış yöndə olaraq Ermənistanı uçuruma aparır. Son Gəncə hadisəsi də beynəlxalq arenada açıq şəkildə Azərbaycana qarşı yönəldilmiş terror hadisəsi olmasını sübut edir. Lakin erməni lobbisi güclü təsirə malik olduğundan bizim bütün hüquqi tələblərimiz düzgün şəkildə yerinə yetirilmir, açıq aydın qərəzli şəkildə Azərbaycana qarşı yönəldilmiş bir təsir mexanizmi var. Dinc əhalinin bombalanması, uşaqdan böyüyə qədər günahsız insanların öldürülməsinə göz yummaq özü bir cinayətdir. Bunun məsulliyətini kim daşıyır?”.
Eldəniz Səlimov qeyd edib ki, Azərbaycan daim hüquqi qaydaları qoruyaraq hərb meydanında döyüş aparır:
“Hətta humanitar atəşkəsi də ilk olaraq Ermənistan tərəfi pozub. Belə bir halda haqq-ədalətdən necə söz gedə bilər? Cənab Prezidentimizin dediyi kimi : ”Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bütövlüyümüzü bərpa edəcəyik”. Bəli bu döyüş bizim torpaqlarımızda aparılır. İnşallah bütün torpaqlarımız düşmən tapdağından azad olacaqdır. Hətta burda belə Ermənistanın faşist əməlləri göz önündədir. Çünki həmin yerlərdə heç bir tikili salamat deyil. Hər yeri xarabalığa çeviriblər. Bu da onların necə vəhşi bir ruhda və xəstə psixologiyada olduqlarının sübutudur. Lakin Cənab Prezident İlham Əliyev Türkiyənin “Haber Global”a verdiyi müsahibəsində bildirmişdir ki : “biz geri qaytarılmış torpaqlarımızda şəhərlər salacaq, həyatı geri qaytaracaq, bütün dağılmış yerləri bərpa edəcəyik”. Dünya onların törətdiyi vəhşiliyi görür və görəcək də. Bəli Azərbaycan Cocuq Mərcanlı kəndini yenidən 8 ay ərzində dirçəldərək kənd salmışdırsa, geri qaytarılan bütün torpaqlarımızda da bu prosses gedəcəkdir. Biz buna əminik və birmənalı olaraq Ali Baş Komandanın bunu edəcəyinə inanırıq”.
Millət vəkili bildirib ki, bu haqq yolunda biz tək deyilik. Qardaş ölkə Türkiyənin mənəvi dəstəyi daim bizimlədir:
“Cənab Rəcəb Tayyip Ərdoğanın Prezidentimiz İlham Əliyevlə sıx, isti qardaş münasibəti vardır. Biz millət olaraq da bunu Türk xalqından hiss edirik, edəcəyik də. Çünki Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. Bütün çıxışlarında bizim yanımızda olduğunu cənab Ərdoğan da dəfələrlə qeyd edib. Biz ikinci ən böyük mənəvi dəstəyi Pakistandan alırıq. Pakistan daim bizim yanımızdadır. Onun bizə dəstəyi birmənalı olaraq Türkiyədən geri qalmır. Təbii ki, bütün bu dövlətlərarası münasibətlər qarşılıqlıdır. Biz də öz növbəmizdə Türkiyə və Pakistanı qardaş ölkə olaraq görür və dəstəkləyirik. Hər zaman bu söz deyilir. Qarabağ Azərbaycandır! Amma indi bütün dünya görür ki, həqiqətən bu belədir. Biz bu yoldan geri dönən deyilik. Nə qədər ki bizim torpaqlarımızdan ermənilər rədd olub getməyiblər bu müharibə sürəcəkdir. Biz millət olaraq son damla qanımızadək bu savaşda döyüşməyə hazırıq. Qarabağ bizimdir!”.
Anar