Newscenter.az.15.10.2020. İsraildə fəaliyyət göstərən "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ölkə hakimiyyətinə və parlament üzvlərinə müraciət edib.
Newscenter.az xəbər verir ki, Assosiasiyanın İsrailin prezidenti Reuven Rivline, Baş naziri Benyamin Netanyahuya, knesset (parlament) spikeri Yariv Levinə, xarici işlər naziri Qabi Aşkenaziyə, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Yevgeni Sovaya ünvanladığı məktubda dünya KİV-lərində Azərbaycan ərazisində Ermənistanla baş verən hərbi toqquşmanın obyektivlikdən uzaq şəkildə, faktlara məhəl qoyulmadan işıqlandırılmasından narahatlıq bildirilib. "Bu zaman onlar Azərbaycanın müharibə zonasından uzaqda olan şəhərlərinin raket atəşinə məruz qalması, dinc əhali arasında tələfatların olması və erməni ordusunun digər hərbi cinayətləri kimi faktlar barədə susurlar. Burada məqsəd dünyanı aldatmaqdır – münaqişədə həqiqət kimin tərəfindədir, kim təcavüzkardır və kim təcavüzün qurbanıdır".
Azərbaycanla müqavilə öhdəliklərindən imtina etmək və bu ölkəyə silah-sursat verilməsinə son qoymaq üçün Ermənistanın və İsraildə fəaliyyət göstərən erməni lobbisinin rəsmi Tel-Əvivə təzyiqləri artırdığına diqqəti cəlb edən "Azİz" bunun yolverilməz olduğunu bəyan edib: "Bu gün tolerantlığın və mültikulturalizmin çoxəsrlik ənənərini davam etdirən Azərbaycan xalqı göstərilən köməyə görə açıq şəkildə İsrailə minnətdarlığını bildirir. Azərbaycanla mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması İsrailin strateji maraqları daxilindədir və biz heç kimə bu münasibətləri pozmağa imkan verməməliyik".
Mehman