Newscenter.az.21.10.2020. "Ermənistan XİN rəhbəri Z.Mnatsakanyanın Moskvaya növbəti səfərinin məqsədi əsasən, bu ayın 23-dəVaşinqtonda ABŞ dövlət katibi M.Pompeonun vasitəçiliyi ilə Azərbaycan XİN rəhbər ilə birgə görüşdən əvvəl S. Lavrovdan təlimatlar almaqdı. Bu illər ərzində Qərbdə aparılan Qarabağ danışıqları fonunda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən əvvəl, ermeni nazir Moskvaya dəvət edilir və təlimatlandırılırdı”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Rusiya narahatdır ki, Vaşinqtonda Ermənistan qoşunlarının çıxarılması və baza sənədlərinin qəbulu reallaşa bilər: “Tərəfləri bir masada anlaşmaya gətirə bilməyən Moskva, Vaşinqtonda müzakirələrin formatından tam arxayın olmaq istəyir. Ona görə də Lavrov -Mnatsaksnyan görüşü əvvəlki qaydada deyil, tərəflər bir-birlərinin mövqeyini deqiqləşdirmək üçün görüşür. Çünki, iki tərəf arasında etimad mühiti əvvəlki qaydada deyil. Azərbaycanı atəşkəsə gətirə bilməyən Moskvadan Yerevan demək olar ki, əlini üzüb. Sadəcə, hazırda Mehri dəhlizini qorumaq üçün Moskvanın çağırışlarına gedir. Və onun istəklərinin qəbuluna məcburdur”.
Politoloq bildirib ki, Sergey Lavrovla Z. Mnatsakanyan görüşü Qarabağ məsələsində həlledici deyil:
“Bundan əlavə, Zəngilan istiqamətində Azərbaycan ordusunun Ermənistan sərhədinə çıxması Z.Mnatsakanyanın Lavrovla görüşündə müzakirə ediləcək. Yerevan narahatdır ki, Azərbaycan Mehri dəhlizinə girərsə, Moskva susqunluq göstərə bilər. Rusiya sərhədçilərinin bu istiqamətdə gücləndirilməsini istəyəcək. Bundan əlavə, Rusiya "sülhməramlı" qüvvələrinin Xankəndiyə yerləşdirilməsi müzakirə edilə bilər. Moskva məhz Türkiyə faktoruna görə buna getməyəcək. Moskva və Vaşinqton görüşləri Azərbaycanın hərbi əməliyyatlarının qarşısının alınması üçün ciddi bir proses deyil. Azərbaycan ordusu qısa müddətdə Ermənistan qoşunlarını mühasirəyə alması reallaşa bilər. Ermənistan növbəti dəfə Mosvadan yardım istəyəcək. Azərbaycan qısa müddətdə hərbi əməliyyatları bitirməsi mütləqdir”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovda Vaşinqton görüşündən əvvəl Moskvaya dəvət edildi:
“Tərəflərə növbəti atəskəs çağrısı ediləcək. Moskva çalışır ki, Vaşinqton görüşü qabağı əhəmiyyətli bir prosesə imza atsın. Amma, bunu birtərəfli etdiyi üçün ciddi bir dönüş gözlənilmir. XİN rəhbərlərinin görüşündən diplomatik danışıqlar olaraq ciddi bir razılıq olmayacaq. Atəşkəs üçün ilk növbədə ordu rəhbərliyi yaxud Ali Baş komandanlar bir araya gəlir və ciddi danışıqlar aparılır. Hazırda uğurlu hərbi əməliyyatlar çərçivəsində bu kimi təmaslar Azərbaycan üçün diplomatik müstəvidə öz sözünü demək üçün bir platformadır. Rusiya əvvəlki mövqeyində qalacaq. S.Lavrov Ermənistanın maraqlarına uyğun bir plan ortaya qoyacaq. Moskva görüşü də uğursuz olacaq”.
Mehman