Newscenter.az.22.10.2020. İlk öncə, əsla heç bir təxribat, təhqir və başqa məkrli niyyətə xidmət etməyən yazını oxumağınızı xahiş edirəm.
Bu yazılanlar, ona düşmənçilik etməyən dövlətə qarşı düşmən olmayan, kiminsə torpağına göz dikməyən və vətəndaşına zülm etməyən Azərbaycan dövlətinin sadə vətəndaşının, bu müqəddəs dəyərlərin heç birinə əməl etməyən Ermənistanın hələ də vicdanı və insanlığı ölməyən insanlarına olan müraciətidir.
Hazırda, məhz sizin dövlətinizin başladığı müharibə cəbhəsindəki döyüşlərdə bizim övladlarımızla yanaşı, dəfələrlə çox sizinkilər də həlak olur. Müharibə qaydalarına uyğun olaraq Azərbaycan anaları və ataları kimi sizin ana və atalarınız da, çox böyük çətinliklə boya və başa çatdırdıqları övladlarından məhrum olur. Azərbaycan körpələri kimi, sizin körpələriniz də yetim qalır. Azərbaycan qadınları və qızları kimi sizinkilərin də fəryadları ürək dağlayır! Ancaq bu müharibənin həm bizə, həm də sizə yaşatdığı bu xoşagəlməz hallar arasında çox ciddi fərq vardır!
Fərq ondadır ki, Azərbaycan övladları həyatlarını itirməklə şəhadətə yetişirlər. Sizin övladlarınız isə ən yaxşı halda sadəcə ölürlər. Deyə bilərsiz ki, hər iki tərəfdən həyatlarını itirənlər eyni amal uğrunda qurban gedirlər, bəli elədir! Bizim övladlarımız vətənləri, torpaqları, doğma yurdları, dağıdılmış məscidləri, xarabazara çevrilmiş ata-baba qəbirləri və digər müqəddəs amalları uğrunda həyatlarını fəda edirlər. Bu belə də olmalıdır, ləyaqətli bir insan və vətəndaş üçün ən uca zirvə vətəni və torpağı uğrunda şəhid olmaqdır!
Təəccüblüsü budur ki, sizin övladlarınız da eyni ilə, lakin bizə aid olan eyni məfhumlar uğrunda ölürlər. Bu isə belə olmamalıdır! Və elə bu amil də, sizin övladlarınızın şəhid olmasına mane olur! Çünki bu torpaqlar, onların altında və üstündə olanlarla birlikdə özünüz də çox gözəl bilirsiniz ki, bizlərə aiddir!
Dağlıq Qarabağ uğrunda mübarizə apardığınızı zənn edirsiniz. Ancaq 27 sentyabrdan bu günə qədər keçən üç həftəlik dövr ərzində minlərlə övladınız, uğrunda mübarizə apardığınız Dağlıq Qarabağa heç bir aidiyyatı olmayan, bütün dünya ilə yanaşı, işğalçı dövlətinizin də bizə aid olduğunu birmənalı olaraq qəbul etdiyi Azərbaycan ərazilərində həyatlarından məhrum olublar!
Düşünün, övladlarınız bizə aid olan Füzulidə, Cəbrayılda, Ağdamda, Tərtərdə və digər ərazilərdə işğaldan savayı hansı məfhumun uğrunda ölə bilərlər?!
Bu sualı bir gün, hazırda dövlətinizin cinayətkar rəhbərliyinin əsassız ambisiyalarına qurban getməklə həyatlarını itirən övladlarınızın, real həqiqət axtarışında ola biləcək oğul və qızları sizlərə verəndə ki, bizim atalarımız nəyin uğrunda qurban getdilər? Onlara hansı cavabı verəcəksiniz?
Əgər yenə də, həqiqəti gizlədərək sizə bu günə qədər yaxşı heç bir şey vəd etməyən və yalnız bədbəxtlik gətirən böyük yalan toxumunu cücərtməkdə davam edəcəksinizsə, illah da ki, cavab verməyə söz tapacaqsınız. Ancaq bir zaman, bu yanlış xislətdən əl çəkib, əksini düşünərək həqiqəti söyləmək qərarına gəlsəniz, inanın ki, söylməyə heç bir sözünüz olmayacaq!
Zərrə qədər ədalət hissiniz vardırsa, özünüzə sual verin ki, nə səbəbdən 1988-ci ildən iki dövlət arasında, məhz Ermənistanın başlatdığı konflikt nəticəsində ölən bütün şəxslər yalnız Azərbaycan ərazisində öldürülmüş, müharibənin bütün mülki qurbanları bizə aiddir və bu proses bu gün də davam etməkdədir.
Faşizm ideologiyasına xidmət edən dövlətinizin Azərbaycana qarşı apardığı mübarizə, nasist Almaniyasının bütün dünyaya qarşı apardığı mübarizəni xatırladır. Dünyanı fəth edəcəyini düşünən faşizm təfəkkürünün yaradıcısı Hitlerin apardığı haqsız və ədalətsiz müharibədə, onun utopik arzularının reallaşdırılması uğrunda həlak olan milyonlarla insandan hansı biri bu gün qəhrəman kimi tanınır və ya xatirəsi əziz tutulur?! Heç kim və heç birinin!
Ancaq ona və onun ideyalarına qarşı mübarizə aparan və o yolda qəhrəmancasına həlak olan insanlar, bu gün də, ürəklərdə yaşamaqdadır!
Ədalətsiz müharibələrin Avropaya verdiyi ən böyük "töhfə" o oldu ki, həmin dövrə aid olan 18-50 yaşlı nəslin kəsilməsi nəticəsində bu gün Avropa ölkələrində ailə və nəsil artımı problemləri pik həddədir. Eyni aqibət sizləri də gözləyir.
Utopik Böyük Ermənistan xulyasını sizə vəd verməklə, sizi əbədi olaraq heç vaxt sönməyəcək alovların ortasına yuvarlayanlar, özləri də çox gözəl bilirlər ki, böyük olmaq ərazisinə görə olmur. Heç əhalisinə görə də olmur! Dünyada hazırda çox kiçik əraziyə və az sayda əhaliyə sahib olub, ancaq çox böyük olan dövlətlərin nümunəsi də bunu deməyə əsas verir!
Siz Qarabağ müharibəsi ilə yalnız Azərbaycan dövlətinin və xalqının itirdiyini və məğlubiyyətə uğradığını düşünürdünüzsə, çox yanılmısınız! Bizim bu məsələdə uduzmağımız yalnız müvəqqəti idi. Ancaq siz daha çox məğlub və acınacaqlı durumdasınız. Çünki, birinci müharibədən 30 ilə yaxın bir zamanın keçdiyi dövr ərzində heç nə əldə etmədiniz. Qazandığınız sadəcə həmin torpaqlardan didərgin düşməyə məcbur qalmış bizim insanlarımıza aid olan və müharibə səbəbindən xarabalıqlara çevrilmiş yarımtikililərdə, hər an ölüm təhlükəsi ilə səksəkədə və ibtidai icma dövrünə aid şəraitdə yaşamaq oldu.
30 illik uzun bir dövr də heç nəyi dəyişmədi. Azərbaycan və azərbaycanlılar üçün də, bu müddət ərzində öz doğma yurdlarına olan sevgidə və həsrətdə dəyişən nəsə olmayıb. Əksinə bu həsrət insanlarımızın mübarizə və mücadilə ruhunu inanılmaz şəkildə artırıdı!
Bu gün Azərbaycanda erməni əsilli insanların yaşaması, hər birinizə məlumdur. Xüsusilə də, mülki vətəndaşlarımızı hədəfə alan cinayətkar rəhbərliyinizin Gəncəyə raket atdığı zaman orada erməni qadının olması bunu bütün dünyaya bir daha sübut etdi. Təbii ki, dövlətiniz ən yaxşı halda bunun uydurma olduğunu iddia edə bilərdi ki, Azərbaycan tərəfi erməni qadını obrazı yaradıb və elə də etdi. Hətta belə olsa da, Azərbaycanda bir erməni obrazının yaradılmasına ən azından əsas var. Ancaq Ermənistanda bir azərbaycanlının olduğunu uydurmağa belə əsas yoxdur, çünki belə bir şeyin reallığına kimsə inanmaz. Bəlkə də, yanılıram ki, Ermənistanda azərbaycanlı ola bilər. Bəli ola bilər, ancaq yalnız Şahbaz, Dilqəm və çoxlu sayda adlarını bilmədiyimiz onlar kimi digər əsir azərbaycanlılar.
Bu gün, cəbhə bölgəsinə heç bir aidiyyatı olmayan şəhərlərimizi hədəf almaqla mülki əhalimizin faciəvi şəkildə həyatlarını itirmələrinə, ağır xəsarətlər almalarına və evlərinin dağılmasına səbəb olan cinayətkar rəhbərləriniz bunu yalnız və yalnız döyüş meydanındakı acizliklərindən edirlər. Bu cür cinayətkarların idarə etdiyi dövlətin vətəndaşı olmaq və onların idarəçiliyinə dözüb boyun əymək insanlıq tarixində ən böyük ləyaqətsizlik və gələcək nəsillər qarşısında ən böyük cinayətdir! Çünki, istənilən dövlət başqa dövlətin mülki şəxslərinə qarşı yalnız öz vətəndaşlarına rəva və layiq bildiyi addımları ata bilər. Bu gün sizin cinyətkar rəhbərliyiniz Azərbaycan dövləti tərəfindən istənilən an, onların vəhşiliklərinə və terroruna cavab olaraq adekvat addım kimi yaşadığınız şəhərləri bombalayacağından və qocalarınızın, qadınlarınızın və körpələrinizin həlak olacağından nəinki çəkinmir, əksinə özünün məkrli niyyətlərinə nail olmaq üçün hər vəchlə Azərbaycanı buna təhrik etməkdədir.
Hər biriniz əmin ola bilərsiniz ki, bu insanlığa zidd addımları ilə artıq qoca, qadın və körpə qanına əlləri batmış Ermənistan rəhbərliyi heç bir məqsədinə, o cümlədədn də, haqq və ədalət uğrunda mübarizə aparan mərd və mətin xaqlımızda qorxu və xofun yaradılmasına nail ola bilməyəckdir! Əksinə, bu addımları ilə yalnız, çox qısa zamanda, onsuz da tam şəkildə azad olunacaq torpaqlarımızda sizin bizimlə sülh və əminəmanlıq vəziyyətində normal qonşular kimi yaşamaq imkanlarınızdan tam məhrum etməkdədir.
Ancaq sizin, sözünü tutmaq əqidəsindən uzaq xarakterli rəhbərlərinizdən və xüsusilə də, son hadislərlərlə bağlı əsl flüger obrazını oynayan baş nazirinizdən fərqli olaraq, sözü ilə əməli daim bir olan Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdir: “Biz Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır”. Bu dəyərli və ədalətli fikirlərə inanmağınız ən düzgün seçiminiz olardı.
Bu səbəbdən də, nə qədər ki, gec deyil, bəlkə də sahib olduğunuz son şansdan istifadə edərək özünüzün, övladlarınızın və gələcək nəsillərinizin xilası üçün addım atın! Sizləri özlərinin böyük cinayətlərinə qurban verən, hər bir addımları ilə yalnız və yalnız faşizm, terrorçuluq, işğalçılıq və düşmənçilik toxumlarını cücərtməkdə olan rəhbərlərinizdən və onların təhlükəli siyasətindən imtina edin! Bunu etməyiniz, bu gün qalib durumda olan bizlərdən daha çox, sizin özünüzə, övladlarınıza və cəbhədə gedən döyüşlərdə hər gün həlak olmaqda olan minlərlə əsgərlərinizə lazımdır!
Son olaraq, sizin hər birinizə bir tövsiyə etmək istərdim ki, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi ilə cinayətkar dövlət rəhbərləriniz tərəfindən otuz ilə qədər bir dövr ərzində məcburi şəkildə işğal altında saxlanılan rayonlarımızı və şəhərlərimizi deyil, Ermənistanın paytaxtını və digər şəhərlərini sadəcə müqayisə edin! Hər bir vətəndaşına, hər bir insanına və torpağının hər bir daşına verilən dəyərlə bağlı dövlətlərimiz arasındakı fərqi görün və anlayın ki, kim azadlıq, kim işğal uğrunda mübarizə aparır!
Xəyal Bəşirov-siyasi ekspert