Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa telekanalında Ermənistanın işğalçılıq siyasətindən danışılıb



Newscenter.az.23.10.2020. Fransada fəaliyyət göstərən “RT France” telekanalında Dağlıq Qarabağ münaqişəsindən danışılıb.

Newscenter.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, telekanalın "Xəbərlər" proqramına müsahibəsində Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova bildirib ki, oktyabrın 10-da Moskvada əldə olunan humanitar atəşkəs rejimini Ermənistan tərəfi kobud şəkildə pozaraq bir neçə saat sonra cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarını raket atəşinə tutub. Humanitar atəşkəs rejiminin əldə olunmasına baxmayaraq Gəncə, Mingəçevir, Bərdə, Tərtər şəhərləri raket və artilleriya zərbələrinə məruz qalır.

Verilişdə Azərbaycanın öz ərazisində beynəlxalq qanunlara və prinsiplərə uyğun olaraq özünümüdafiə və torpaqlarının işğaldan azad edilməsi hüquqlarını həyata keçirdiyi vurğulanıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğaldan azad edilməsinə dair BMT-nin 4 qətnaməsini, Avropa Parlamentinin bəyannamələrini xatırladan soydaşımız qeyd edib ki, rəsmi Bakı 27 il münaqişənin sülh yolu ilə nizamlanmasını gözləyib. Lakin işğalçı Ermənistan ordusunun sentyabrın 27-də ölkəmizə qarşı bütün cəbhə boyu genişmiqyaslı hücuma keçərək hərbçilərimizi və mülki insanlarımızı qətlə yetirməsi Azərbaycan ordusunu əks-hücuma keçməyə vadar edib. Həmin gündən Azərbaycan ordusu torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu əməliyyatlar keçirməkdədir.

Mehman
Xəbəri paylaş