Newscenter.az.27.10.2020. Ermənistanın Azərbaycana hücumuna cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatlarının bir ayı tamam olur. Ötən bir ay ərzində 165 kənd, 4 şəhər, 3 qəsəbə, 1 neçə yüksəklik azad olunub, düşmənin 2 milyard dollarlıq hərbi texnikası məhv edilib və hərbi qənimət kimi götürülüb. Bu gün hər bir azərbaycanlı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı tezliklə və son qarışınadək azad edəcəyik.
Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir, qısa müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün xilaskarlıq missiyasını reallaşdırır. Təsəvvür edin ki, təxminən beş ilə işğal olunmuş, 27 il ərzində isə güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Bu fakt onu sübut edir ki, ötən illər ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun maddi-texniki təchizatı, peşəkarlığı, hazırlığı istiqamətində çox ciddi addımlar atılıb. Bu baxımdan da təsadüfi deyildir ki, Azərbaycan Ordusu dünyanın 50 ən yaxşı ordularından hesab olunur. Əks-hücum əməliyyatıları zamanı Azərbaycan ordusunun nümayiş etdirdiyi cəsarət, peşəkarlıq, dəqiqlik, qorxmazlıq silahlı qüvvələrimizin dünyadakı mövqeyini daha da gücləndirdi, nüfuzunu artırdı.
Bu gün Azərbaycan Ordusu BMT TŞ-nin qətnamələrini icra edir, 26 il ərzində ATƏT-in Minsk qrupunun bacarmadığı həyata keçirir. Azərbaycan xalqı 26 ildir ki, səbr edirdi. Beynəlxalq birliyin ədalətinə və nizamına inanırdı. Amma “kim güclüdürsə, hüquq onun tərəfindədir” misalı görünür həyatımızın reallığı imiş. Bu səbəbdən də Azərbaycan Ordusu ötən onilliklər ərzində beynəlxalq təşkilatların etmədiyini, yaxud etmək istəmədiyini reallaşdırır, işğal altında olan torpaqlarımızı azad edir. Lakin çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu ədalətsiz mövqe tutub və fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb.
Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılır, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Eyni zamanda, Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ isə uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur. Məhz Azərbaycana qarşı 907-ci düzəlişin tətbiq edilməsi deyilənlərin əyani sübutudur. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil. Ona görə də, Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər.
Ermənistanın məhv edilmiş və hərbi qənimət olaraq götürülmüş silahlarının, texnikalarının sayı işğalçı ölkənin beynəlxalq hüququ və sənədləri kobud şəkildə pozduğunu sübut edir. Hər kəs bilir ki, “Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb və 1992-ci il noyabrın 9-da qüvvəyə minib. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərir. SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü. İndiyədək Yerevan kvotanın pozulmasını inkar edirdi. Beynəlxalq hesabatlara görə, Ermənistanın aldığı silahların böyük hissəsi Dağlıq Qarabağda anbarlarda gizlədilib. Ortaya çıxan hərbi texnikanın siyahısı Ermənsitanın və onu silahlandıranların müqavilənin şərtlərini kobud şəkildə pozduğunu göstərir. Eyni zamanda, bu günlər Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması da həyata keçirilir. 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir. Bir sözlə, bu cür faktları dünya birliyi nəzərə almalıdır, Azərbaycana qarşı ikilistandartlı mövqeyindən əl çəkməlidir, Ermənistana təzyiq etməli və işğal etdiyi torpaqlardan çıxmağa məcbur etməlidir.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı