Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb



Newscenter.az.28.10.2020. Bakı Beynəlxalq Enerji Xartiyası Forumu 40-a yaxın ölkənin yüksək səviyyəli dövlət rəsmiləri, beynəlxalq təşkilat, enerji şirkətləri, maliyyə institutları, araşdırma mərkəzləri, eləcə də dövlət qurumlarının təmsilçiləri, ekspertlər və mediadan ibarət 190-a yaxın nümayəndə ilə videokonfrans formatında baş tutub.

Newscenter.az-a Energetika Nazirliyindən verilən xəbərə görə, “Enerji istehsalı, nəqliyyat, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusuna həsr edilən Forumda Energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının Baş katibi Urban Rusnak və Avropa Komissiyası Enerji Baş Direktorluğunun Enerji Siyasəti üzrə Direktoru xanım Kristina Lobilla Borrero açılış nitqi ilə çıxış ediblər.
Forum Energetika nazirinin müavini Elnur Soltanovun moderatorluğu ilə Enerji Xartiyası Müqaviləsinə üzv və müşahidəçi ölkələrin, eləcə də beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin çıxışları ilə davam edib.

Albaniya, Rumıniya, Böyük Britaniya, Ukrayna və İran İslam Respublikasından olan dövlət rəsmiləri müzakirə olunan məsələlər üzrə öz baxışlarını səsləndirərək, Forum iştirakçılarına səmərəli müzakirələr arzulayıblar. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Süleymanpur çıxışında digər məsələrlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək, Ermənistanın Azərbaycanın enerji və nəqliyyat infrastrukturuna hücumları ilə bağlı dərin narahatlığını bildirib və bu cür aqressiv yanaşmanın ümumi regional enerji təhlükəsizliyi üçün zərərli ola biləcəyini qeyd edib, davam edən münaqişə dövründə canlarını fəda edən şəhidlər üçün Azərbaycan Hökumətinə və Azərbaycan xalqına başsağlığı verib. Davamlı sosial-iqtisadi hədəflərə çatmaq üçün bölgədəki sülhün və sabitliyin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan münaqişənin sülh yolu ilə həllinə dəstəyini ifadə edib.

Forumun “Bərpa olunan enerji mənbələrinə dəstək - hüquqi, texniki və maliyyə aspektləri” adlı növbəti sessiyası Enerji Xartiyası Katibliyindən Kanat Botbayevin moderatorluğu ilə baş tutub. Sessiya Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi, Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Avropa Günəş Enerjisi Assosasiyası, həmçinin Avstriya Respublikasının aidiyyəti nazirliyindən olan nümayəndələrin çıxışları ilə davam edib. Bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyaya çağırış və imkanlarla bağlı məsələlər nəzərdən keçirilib, müasir siyasətlər, layihələr və texnologiyaların dünyada enerji sektorunun gələcəyini necə formalaşdıracağına dair müzakirələr aparılıb.

Energetika nazirinin müavini, Enerji Xartiyası Konfransının sədr müavini Samir Vəliyevin moderatorluğu ilə keçirilən “Enerji səmərəliliyinin təşviqi - ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi” adlı son sessiyada isə Yaponiyanın Xarici İşlər Nazirliyi, Kopenhagen Enerji Səmərəliliyi Mərkəzi və Beynəlxalq Enerji Xartiyasından olan nümayəndələrlə yanaşı, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov da çıxış edib. Zaur Məmmədov Azərbaycanda enerji səmərəliliyinin təmin edilməsi istiqamətində atılan addımlar barədə məlumat verib, sahə üzrə hazırlanan qanun layihələrinə və bu qanun layihələrinin qəbulunun sahənin tənzimlənməsində mühüm əhəmiyyətə malik olduğunu, qanunlarda nəzərdə tutulan tədbirlərin bilavasitə və ya dolayı yolla səmərəliliyin təmin edilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Z.Məmmədov çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun mərkəzini raket atəşinə tutması və nəticədə dinc əhali arasında həlak olanların və yaralananların olduğunu Forum iştirakçılarının nəzərinə çatdırıb.
Forum Energetika nazirinin müavini Samir Vəliyevin və Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnakın yekun nitqləri ilə öz işini yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi dövründə keçiriləcək Beynəlxalq Enerji Xartiyası Forumu və Beynəlxalq Enerji Xartiyasının 31-ci Nazirlər görüşünün bu ilin dekabr ayında ölkəmizdə təşkil edilməsi nəzərdə tutulur.

Sevinc
Xəbəri paylaş