Newscenter.az.3.11.2020. Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı
Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib, ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir. Çünki cəmiyyətimiz Prezident İlham Əliyevi uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür. Dövlətimizin başçısı bütün çətinliklərə, xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərir, onları dəf edir, Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyur. İnsanlarımız bunu bir aydan çoxdur ki, davam edən Vətən müharibəsi zamanı daha aydın şəkildə gördülər. Onun siyasi danışıqlar, müxtəlif dünya media qurumlarına müsahibələri zamanı ortaya qoyduğu qətiyyət, dediyi fikirlər, suallara verdiyi cavablar xalqımıza qürur hissi yaşadır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 3 əsrdə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi.
Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı. Hələ 17 il öncə dövlət başçısı seçilərkən Prezident İlham Əliyev müasir dövlət quruculuğunu öz siyasətinin prioriteti elan etmişdi, ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğunlaşdıraraq uğurla həyata keçirirdi. Məhz, görülən sistemli işlərin nəticəsidir ki, ölkənin iqtisadi sistemi yenidən quruldu, güclü iqtisadi potensial yaradıldı, karbohidrogen ehtiyatların hasilatı və ixracı istiqamətində inqilabi addımlar atıldı, Azərbaycanın siyasi və iqtisadi maraqları uzlaşdırıldı, ölkəmizin prioritetləri beynəlxalq gündəmin bir istiqamətinə çevrildi. Eyni zamanda, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəldildi və Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrildi. Əlbəttə ki, respublikamızın idarəetmə sistemi də təkmilləşdirildi, yeni kadr siyasəti idaəetmədə nöqsanları, əyintiləri aradan qaldırdı. Bu isə hakim komandanın monolitliyini daha da gücləndirdi, onun kreativliyini, operativliyini, müasirliyini təmin etdi. Eləcə də, ölkəmizdə milli həmrəylik, xalq-iqtidar birliyi daha da gücləndi.
Bütün deyilənlərin fonunda müasir ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları sırasına daxil oldu. Bu gün Azərbaycan Ordusunun uğurları, işğal altında olan torpaqlarımızın qarış-qarış azad edilməsi Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı