Newscenter.az.23.11.2020. Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Bu barədə "Report"a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Ağstafa rayon sakini 1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlu 07.11.2020-ci il tarixdə “COVID-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 08.11.2020-ci il tarixdə idarə etdiyi "VAZ-2106" markalı avtomobillə sərnişin daşıyaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.