Newscenter.az.23.11.2020. “Ermənistanda hökumət kabinetində kadr dəyişiklikləri ölkəni siyasi böhrandan çıxarmayacaq. Baş nazir Nikol Paşinyanın "Yol xəritəsi" təqdim edərək, altı ay vaxt istəməsinə baxmayaraq vəziyyətin normallaşması istiqamətində gedəcəyi mümküm görünümür. İlk növbədə Rusiyanın bu ölkədə siyasi təsir rıçaqları, əvvəlki illərdən də daha çox Paşinyana təsir etmək iqtidarındadır”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, Qarabağ müharibəsində məğlubiyyət Paşinyanı Moskvadan asılı vəziyyətə gətirib:
“Paşinyan da altı ay ərzində yenidən toparlanıb, Moskvanın təsirindən çıxmağı planlayır. İndi ona əvvəlki illərdən fərqli olaraq daha da xalqın dəstəyi lazımdır. Amma, iki il ərzində ölkəni inkişaf etdirə bilməyən, ordunun dağılmasına gətirib çıxaran hakimiyyətə xalqın etimadını zəiflədib. Amma, alternativlər də erməni cəmiyyəti üçün cəlbedici deyil. Sabiq DTK sədri və Vətən partiyasının sədri A. Vanetsyan Paşinyana əsas rəqib olsa da, onun Kremllə əlaqələri ermənilərin ona böyük dəstək verməsini istisna edir. Çünki, müharibədə Rusiya onları müdafə etmədiyi üçün xalq həmin qüvvəyə etimad etmir”.
Məhəmməd Əsədullazadə bildirib ki, Qarabağda məğlubiyyət Ermənistanın siyasi sisteminə və vətəndaş cəmiyyətinə ciddi mənfi təsir etdi:
“Ölkənin yenidən toparlanması və inkişafı, Avropaya inteqrasiya kursu uzun illər mürəkkəb olaraq qalacaq. İlk növbədə Ermənistan cəmiyyəti yeni bir hakimiyyət dəyişməsinə hazır olsa da. bu yalnız çevriliş yolu ilə mümkündür. Rusiya sadəcə, Qarabağla bağlı vəziyyəti və müqavilələrin bağlanmasını Paşinyanla həyata keçirmək üçün onun hakimiyyətdə qalmasına müəyyən dərəcədə razılaşıb”.
Politioloq deyib ki, Ermənistan siyasi elitası və cəmiyyəti Azərbaycan və Türkiyə ilə normal əlaqələrə malik bir sistemə keçsə, bu ölkə Rusiyanın forpostluğundan çıxa bilər:
“Baş nazir Nikol Paşinyan ölkəsini müharibədən sonrakı vəziyyətə hazırlayır və yeni bir siyasi mərhələyə keçməyi hədəfləyir. Bununla məqsədi ölkəsində hakimiyyətini gücləndirmək və Rusiyanın təsirini zəiflətməkdir. Gələn il yay aylarına kimi növbədənkənar parlament seçkilərinə gedib, qalib gələrək hakimiyyəti əlində saxlayıb, anti-Rusiya dalğasına keçə bilər. Amma, o, bu tıəzyiqlərə duruş gətirə bilməsə hakimiyyəti ilə vidalaşacaq”.
Mehman