Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirildi



Newscenter.az.27.11.2020. Bu gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib.

AQTA-dan Newscenter.az-a bildirilib, seçki komissiyası tərəfindən İctimai Şuraya üzvlüklə bağlı 16 namizədin müraciəti qeydə alınıb. Səsvermə prosesində 66 vətəndaş cəmiyyəti institutu nümayəndəsi iştirak edib. Səsvermə prosesi COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər nəzərə alınmaqla keçirilib. Səsvermə nəticəsində 9 namizəd İctimai Şuraya üzv seçilib.

Səsvermə prosesinin sözügedən sahə üzrə mövcud qanunvericiliyin tələblərinə əsasən təşkilini, eyni zamanda tam şəffaf və ədalətli keçirilməsini təmin etmək məqsədilə, bütün lazımi sənədləri özündə ehtiva edən məlumat löhvələri, səsvermə kabinaları, səsvermə qutusu və digər lazımi avadanlıqlarla təmin edilmiş seçki otağı hazırlanıb. Bununla yanaşı, seçici sayını nəzərə alaraq, 23 noyabr 2020-ci il tarixində seçki komissiyasının qərarına əsasən 80 nüsxə seçki bülleteni hazırlanaraq çap edilib.

AQTA yanında İctimai Şura qida təhlükəsizliyi sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə, ümumdövlət və yerli səviyyədə qərarların qəbuluna, institusional inkişafın və ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcəkdir. Eyni zamanda, qida təhlükəsizliyi sahəsində hazırlanacaq qanunvericilik aktları, qaydalar, texniki normativ hüquqi aktlar və digər metodiki göstərişlər ictimai rəy nəzərə alınmaqla, sahibkarların, istehlakçıların və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı təmin olunmaqla təkmilləşdiriləcəkdir.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Orxan
Xəbəri paylaş