Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP İdarə Heyətinin iclası keçirilib



Newscenter.az.27.11.2020. Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YAP mətbuat xidmətindən verilən məlumata görə, iclasda qondarma Dağlıq Qarabağın tanınmasının tövsiyə edilməsinə dair Fransa Senatının noyabrın 25-də qəbul etdiyi qətnamə geniş müzakirə edilib, həmin sənədin münaqişənin həlli istiqamənindəki səylərə, eləcə də ölkələrimiz arasındakı münasibətlərə mənfi təsirləri barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, bu qətnamə beynəlxalq aləmdə ən qeyri-obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilməlidir. Bu qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna hansı prizmadan yanaşmasının şahidi oldu.

Müzakirələrdə vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasında vasitəçilik missiyasını yerinə yetirməli olan Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir. Lakin Fransa Senatı noyabr ayının 25-də Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnamə qəbul etməklə öz üzərinə götürdüyü öhdəliklərə məhəl qoymaq fikrində olmadığını nümayiş etdirdi.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransadan istənilən mübahisəli məsələlərdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb edilir. Bu məsuliyyəti dərk etməyən Fransanın beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatının qəbul etdiyi bu qətnamə BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərlə daban-dabana ziddiyət təşkil edir.

İclasda xüsusilə vurğulanıb ki, Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk Qrupunun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir.

İclasda müzakirələrin yekunu olaraq Yeni Azərbaycan Partiyasının adından Fransa Senatında noyabrın 25-də “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyən bəyanat qəbul edilmişdir.
Xəbəri paylaş