Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fatma Yıldırım: "Biz fəxr edirik ki, qalib ölkənin hakim partiyasının üzvləriyik"



Newscenter.az.12.12.2020. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyətdir.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib. Ümummilli liderimiz bizə gələcəyimiz üçün uğurlu yol xəritəsi miras qoyub.

Ulu Öndər Heydər Əliyevin həyat amalı, siyasi fəaliyyətinin əsas məqsədi Azərbaycanı azad və müstəqil dövlət olaraq qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən və qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Azərbaycan xalqı onu çox sevirdi, parlaq zəkasına, dövlət idarəçiliyində olan peşəkarlığına güvənirdi, yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi.

Azərbaycanın XX əsrdə bir ölkə kimi, istər sovet hakimiyyəti dövründə, istər dövlət müstəqilliyinin bərpasından sonra qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Bu gün də Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının davamıdır. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirib.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər dövlətçiliyimizin təməl prinsipləridir: Azərbaycançılıq ideologiyası, qanunçuluq, hakimiyyətin mənbəyinin xalq olması, vətəndaş həmrəyliyi. Bu prinsiplər əsasında ölkəmiz daima irəli gedir. Prezidentimiz İlham Əliyevin siyasəti də bu təməllər üzərində qurulub və bu gün ölkəmizin inkişafı uğurla davam edir.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun lider dövlətidir, eyni zamanda dünyada böyük nüfuza sahibdir. Son illər ölkəmizdə aparılan islahatlar nəticəsində Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir, əhalinin rifahı davamlı olaraq yüksəlir, Azərbaycan gücünü, qüdrətini daha da artırır. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr beynəlxalq miqyasda Azərbaycanın mövqelərini gücləndirməkdədir. Bütün bu qazanılan nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Bugünkü Azərbaycan Onun görmək istədiyi Azərbaycandır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin açdığı yol ilə Azərbaycanı tarixi zəfərə apardı. Bu gün Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayır. Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyi və müdrik siyasəti ilə Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Ali Baş Komandanın rəhbərliyi ilə həm döyüş meydanında, həm də diplomatik müstəvidə aparılan mübarizə nəticəsində Azərbaycan xalqı zəfər bayramını qeyd etdi. 30 illik həsrətə son qoydu, tarixi ədaləti bərpa etdi. Cənab Prezident bu gün həm Ulu Öndərin vəsiyyətini yerinə yetirdi, həm xalqa verdiyi sözü tutdu, beləliklə 30 ildir öz evlərindən didərgin düşmüş məcburi köçkünlərimiz yenidən həyat verəcəyimiz torpaqlara yaxın zamanda qayıdacaqlar. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşıyıq! Biz fəxr edirik ki, qalib ölkənin hakim partiyasının üzvləriyik! Biz Azərbaycan xalqı olaraq hər zaman Ulu Öndərin əziz xatirəsini yad edəcəyik və gələcək nəsillər də onu daima böyük ehtiramla anacaq. Allah rəhmət eləsin, ruhu şad olsun!

Fatma Yıldırım-Milli Məclisin deputatı
Xəbəri paylaş