Newscenter.az.19.01.2021. Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmişəki kimi iki qapıya oynadı. O mətbuat konfransında Dağıq Qarabağın statusu məsələsində dedi ki, 10 noyabr bəyanatında bu barədə bənd yoxdur və gələcəkdə bu işlə Minsk Qrupunun həmsədrləri məşğul olacaqlar. Yəni ermənilərə demək istədi ki, status mövzusu Moskva üçün aktual deyil. Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ideyasının “ekzotik” olduğunu və Moskvanın gündəliyində belə bir məsələnin olmadığını bildirdi.
Lavrov növbəti açıqlamasında artıq bizim qapıya qol vurdu. O Laçın dəhlizi üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında gediş-gəlişin bəyanatda vurğulandığını və bunun təbii olduğunu söylədi. Lavrov demək istədi ki, əgər Azərbaycanın materik hissəsinin Naxçıvanla əlaqəsi olacaqsa, Ermənistanın da Dağlıq Qarabağla əlaqəsi olmalıdır və bu yanaşma 10 noyabr bəyanatına uyğundur. Yəni Lavrov demək istədi ki, Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərində anormal heç nə yoxdur və buna görə Azərbaycandan icazə alınmamalıdır. Lavrovun sözlərinə görə, guya buna Azərbaycan tərəfi də etiraz etmir. Halbuki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 6-da verdiyi açıqlamada Ermənistanın xarici işlər nazirinin Azərbaycan torpaqlarına qanunsuz gəldiyini və Rusiya hərbçilərinin səlahiyyətlərini aşdıqlarını bildirdi.
Bizim rəsmi səviyyədə Lavrovun Laçın dəhlizinin açıq saxlanılmasıyla bağlı bugünkü çıxışına reaksiyasımız olmasa, vəziyyət elə belə də davam edəcək, yəni Ermənistandan kimin kefi istəsə Dağlıq Qarabağa gələrək təxribatçı açıqlamalar verməkdə davam edəcək. Ermənistanla sərhəd nəzarətə götürülməlidir. Bunun başqa yolu yoxdur. Kim zəmanət verə bilər ki, Ermənistandan Dağlıq Qarabağa gələnlər maşınlarında silah-sursat daşımırlar?
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri