Newscenter.az.4.02.2021. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın “Report”a müsahibəsi
- Fevralın 1-dən etibarən ölkədə qismən də olsa əyani təhsilə keçilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə şagirdlərin davamiyyəti necədir? Övladının məktəbə gəlməməsi üçün iltizam yazan valideynlər oldumu?
- Məlum olduğu kimi, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. İbtidai siniflər həftədə 3 dəfə, məktəbəqədər hazırlıq qrupları isə həftədə 2 dəfə olmaqla əyani təhsilə cəlb olundu. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində iki günlük əyani formada dərslərə davamiyyət 95 faiz təşkil edib. Təbii ki, mütəmadi olaraq məktəblərdə həm tədris prosesini, həm də karantin rejimi dövründə qaydalara riayət olunmasını izləyirik. Hər şey öz qaydasındadır. Şagirdlər hətta məktəb kollektivi də çox xoşbəxtdirlər. Onların canlı ünsiyyətə ehtiyacı vardı və bu, təmin olunub. İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1 106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.
- İlk dərs günü üçün səhhətində problem çıxan müəllim və ya şagird oldumu?
- Keçən müddət ərzində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1 müəllimdə (10 nömrəli məktəbdə) koronavirus infeksiyası aşkar olunub. Həmin müəllimin sinfi distant təhsilə keçirildi. 2 şagird (I və III sinif) təmasda olduqlarına görə onlar təcrid olunub. Bir nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə özünütəcrid rejiminə keçib.
- Distant təhsilin şagirdlərin biliyinə təsirini necə qiymətləndirirsiniz?
- Bu mövcud vəziyyətdə yeganə çıxış yolu idi. Başqa alternativ demək olar ki, yox idi. Fasiləsiz dərsləri təmin etmək üçün teledərslərdən virtual məktəbdən istifadə etməklə şagirdlərimizi bu prosesə cəlb edirdik. Hesab edirəm ki, ilkin məqamda distant təhsil uğurlu proses idi. Çünki şagirdlər bununla təhsildən kənarda qalmırdılar. Keyfiyyət məsələsi sonrakı məsələdir. Yəqin ki, bu istiqamətdə biz istədiyimizə nail ola biləcəyik. Şagirdlərin bilik səviyyəsi isə köklü statistik təhlil tələb edir. Bu da sonrakı məqamlarda aydın olacaq. Məktəblilərin biliyinin qiymətləndirilməsi və s. ilə deyə biləcəyik ki, şagirdlərimiz hansı səviyyədədirlər.
- Onlayn dərslərlə bağlı sosial şəbəkələrdə çoxlu videolar yayılır. Həmin videolar araşdırılırmı?
- Təhsil cəmiyyətdən kənar heç zaman ola bilməz. Ona görə də təhsildə nə baş verirsə görünür. Xüsusilə də distant təhsil. Məktəb olaraq cəmiyyətin evindəyik. Bu səbəbdən də yaxşı və pis görünür. Çox xahiş edərdim ki, bu məsələyə həssas yanaşaq. Müəllimin həssas emosional durumu, həmin vəziyyət hər şey nəzərə alınmalıdır. Yaxşı tərəfdən görməyi bacarmaq lazımdır. Bizim müəllimlər həqiqətən də bu məqamda böyük fədakarlıq göstərdilər. Nöqsanlar varsa da bunun səbəbini araşdırmaq lazımdır ki, nədən ibarətdir. Biz bu istiqamətdə işlər görürük və çalışırıq ki, neqativ hallar olmasın. İnsanlar və valideynlər bu məsələyə emosional vəziyyəti nəzərə alaraq yanaşmalıdırlar. Dəstək olmalıdırlar. Birgə fəaliyyətimizlə övladlarımızın yüksək səviyyədə təhsilinə nail ola bilərik. Təhsil təkcə müəllimin işi yox, məktəb-şagird-valideyn üçbucağıdır. Burada hamının məsuliyyəti var.
- I yarımil üzrə müəyyən səbəblərdən məktəbdaxili qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər oldu. Bu ay üçün canlı formada, yəni məktəbdə neçə şagirdin biliyi qiymətləndiriləcək?
- Qiymətləndirmə ilə bağlı statistik məlumatları toplamışıq. Məlumata görə 3 246 şagird üzrlü səbəbdən əyani qiymətləndirməyə cəlb olunacaq. Fevral ayının sonuna qədər həmin şagirdlərin qiymətləndirilməsi başa çatdırılacaq. Yerdə qalan şagirdlərin biliyi qiymətləndirilib.
- Yanvar ayı ərzində baş tutan qiymətləndirmənin nəticəsi qaneedicidirmi ?
- Bu məsələyə iki aspektdən yanaşaq. İlk olaraq bunu tam şəkildə demək mümkün deyil, çünki hər müəssisədə bir şəkildə özünü ifadə edir. Nəticələri yüksək olan sinif və məktəblər var. Təbii ki, burada neqativ və subyektiv hallar var. lakin ümumilikdə qiymətləndirmə prosesinin keçirilməsi, statistik nəticəni görürüksə, bu, qənaətbəxşdir. Keyfiyyət məsələsinə gəldikdə isə qiymətləndirmə sadəcə mövcud vəziyyəti qiymətləndirmək, gələcək prosesi istiqamətləndirməkdir. Hesab edirəm ki, bu vacib olduğundan həyata keçirmək də önəmli idi. Artıq əyani tədris başlayıb və hesab edirəm ki, növbəti həftələrdə V-IX siniflərin şagirdləri də əyani təhsilə başlayacaq. O zaman əyani şəkildə diaqnostik və s. qiymətləndirmələr aparılacaq. Bax onda mövcud vəziyyəti dəyərləndirə biləcəyik.