Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan cəmiyyətində baş verənlər bizi düşündürməlidir



Newscenter.az.19.02.2021. Ermənistan cəmiyyətində xaotik vəziyyət davam edir və daha da genişlənir. Görünür acı məğlubiyyətin təsiri Ermənistanda bir çoxlarının yalanını aşkar etməklə yanaşı, erməni siyasətçilərinin olan qalan ağlını da başlarından alıb. Bir sözlə, görünən odur ki, Ermənistandakı siyasi təlatümlər hələ çox davam edəcək və yaz, yay aylarına doğru getdikcə geniş vüsət alacaq.

Bizim cəmiyyətimizdə bir çoxları bunun bizə heç bir aidiyyatının olmadığını və onların daxili işi olduğunu düşünür. Ancaq hesab edirəm ki, belə deyil, biz regionda tam yeni reallıq müəyyən etdik. Bundan sonra Azərbaycan heç bir dövlətin və ya gücün bu reallığa xələl gətirməsinə imkan verməməlidir. Ermənistanda əsassız olaraq müharibə çağırışları edən revanşist və xüsusilə də Azərbaycana qarşı işğal siyasətinin əsasını qoyanların hakimiyyətə gəlməsinə imkan vermək olmaz. Ona görə də, Ermənistan cəmiyyətində baş verənlər bizi düşündürməlidir.
Hər birimiz Paşinyanın dövlət idarəçiliyi ilə bağlı səriştəsiz olduğunu hesab edirdik. Ancaq baş verənlər göstərir ki, səriştəsiz Paşinyan ona müxalif olan klanı demək olar ki, parçalayıb. Əvvəlcə Manukyan müxalifətin lideri seçilsə də, cəmiyyətə heç bir təsirinin olmadığı ortaya çıxdı. Bundan sonra Köçəryan Moskvaya güvənərək irəli atıldı və onun da başı daşa dəydi. İndi də, elə təxminən üç il öncə oğurladığı milyardlara, ordusuna və polisinə rəğmən bir nimdaş rüqzaqı olan Paşinyana uduzan Sarkisyan dövrəyə girib.

On il Ermənistanın prezidenti olandan sonra hakimiyyətini uzatmaq cəhdi 5 günlük baş nazir olmaqla məhdudlaşan Azadın oğlu Sarkisyan postundan da azad edildi. İndi siyasət meydanına atılan və ən qatı revanşist quvvələrdən biri olan bu cinayətkar elə ilk müsahibəsindəcə özünü biabır etdi. Müsahibəsinin ilk abzasından son nöqtəsinədək söylədiyi bütün əsassız fikirlərdə yalnız bir əsas fikir müəyyən etmək mümkündür. Yalnız Paşinyanı hədəf seçməklə əslində onun mövqeyini daha da gücləndirməyə xidmət etdiyini ortaya qoydu.

Saat yarımlıq müsahibəsi boyunca bir dəfə olsun Paşinyanın adını çəkməyən və onu kapitulyant adlandıran Azadın oğlu Serjik çox absurd ittihamlar irəli sürür. Daha demir ki, o kapitulyasiya şəxs adına deyil, Ermənistan dövləti adına imzalanıb. Əgər şəxslərlə bağlı prizmadan yanaşsaq o məğlubiyyətdə Sarkisyanın və onun aid olduğu klanın payı on dəfələrlə çoxdur. Əslində mən bununla Paşinyanı müdafiə etmək deyil, sadəcə həmin ittihamların böyük hissəsinin indi bizə qarşı revanşist mövqe tutan Köçəryan və Sarkisyan klanının elə özünə aid olduğunu demək istəyirəm.

İndi də, keçək həmin absurd ittihamlara. Adam özü və ideoloji atası Daşkəsənli Məmmədin oğlu Köçəryanla birlikdə iyirmi il Ermənistanı idarə etdikləri dövrdə Qarabağın müstəqilliyini tanımağa cürət etmir. Ancaq indi 44 günlük müharibəyə qədər keçən iki il ərzindəki hakimiyyəti zamanı Paşinyanı Qarabağın müstəqilliyini tanımamaqda ittiham edir. Onu qorxaq adlandırır. Bir tərəfdən deyir ki, mən 2016-cı il aprel döyüşləri zamanı Qarabağın müstəqilliyini tanıyacaqdım, ancaq döyüşlər tez bitdi. Yəni, erməni ordusu kifayət qədər itki vermədi ki, mən müstəqillik məsələsini gündəmə gətirim.

Sonrakı fikirlərində əvvəl dediklərinin tam ziddinə olaraq qeyd edir ki, Qarabağın müstəqilliyini tanımaq danışıqların sonu demək idi. Yəni, bunların fikri onillər boyu cəhənnəmə getmiş danışıqları uzatmaq, status kvonu və təmas xəttini qorumaqla yanaşı, təxribatçı hərəkətləri də davam etdirmək olub. Nikol onların bu planını pozdu və "Qarabağ Ermənistandır." deyib əslində problemə son qoymağa səbəb oldu.
Daha sonra deyir ki, mənə İlham Əliyev iki dəfə 7 rayona görə pul təklif edib. Yayılan səs yazısına istinad edərək vurğulayır ki, mən imtina elədim və daha çox pul verəcəyimlə cavab verdim. Adama deyərlər hakimiyyətdə olduğun dövrdə niyə demirdin bunları? Bir də dediyin məbləğdən çox borcu olan Ermənistanın dövlət büdcəsindən artıq miqdarda təklif etdiyin pulu haradan alacaqdın? Bu suallar düşündürmür o cinayətkarı, onu narahat edən Paşinyanın hansısa məbləğdə pul almaqla onlardan irəli düşmək illüziyasıdır.

Ən acınacaqlısı odur ki, adam on il dövlət başçısı olub və yenə də olmağa iddialıdır, ancaq hakimiyyətə gəlmək üçün dövlətini satmağa hazırdır. Necə? Bilərəkdən ki, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edib deyir ki, Mingəçevir SES-i, Gəncə aeroportunu, neft və qaz xətlərini vurmalı olduğumuz halda Paşinyan Gəncədə və Azərbaycanın digər yerlərində mülki insanları raketlə vurdu. Bununla da hakimiyyətə gəlmək üçün Azərbaycana beynəlxalq məhkəmələrdə Ermənistana qarşı istifadə etmək üçün kifayət qədər mötəbər sübutlar verə biləcəyinə də işarə edir.

Görünən odur ki, proqnozlaşdırıldığı kimi həqiqətən də, Ermənistanın Qarabağ klanı onlar üçün qaçılmaz olan kapitulyasiya aktına imza atmağa görə Paşinyana güzəştə getməyə razı olublar. Onları həmişə olduğu kimi nə Qarabağ, nə orada yaşayan insanlar və nə də Ermənistan maraqlandırmayıb. Onlara maraqlı Qarabağ kartından məharətlə istifadə edib hakimiyyəti maksimum uzada bilmək yolları olub və indi də odur.

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş