Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağın aran və dağlıq ərazilərində bioloji tədqiqatların perspektivləri müzakirə olunub



Newscenter.az.19.02.2021. Bakı Dövlət Universitetində (BDU) "Qarabağın aran və dağlıq ərazilərində bioloji tədqiqatların perspektivləri" mövzusunda I Respublika vebinarı keçirilib.

Newscenter.az-a daxil olan xəbərə görə, giriş nitqi söyləyən BDU-nun rektoru Elçin Babayev Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edərək xalqımızın haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ olduğunu bildirib. BDU-da keçirilən onlayn elmi tədbirlərin, konfrans və seminarların elm və tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti İradə Hüseynova "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışda elmin rolu" mövzusunda məruzə ilə çıxış edib. Çıxışda 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsi kimi hər an vərəqləndiyi qeyd olunub. 30 ilə yaxın dövrdə bu ərazilərin tamamilə yerlə-yeksan edildiyi, erməni xislətinə uyğun addımlar atıldığı, ərazinin dağıntı içərisində qaldığına diqqət çəkilib. Natiq elm və texnikanın əhəmiyyətinə diqqət çəkərək, Qarabağın infişafında elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsinin, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqinin həyata keçirilən islahatların əsas prinsipləri olduğunu bildirib.
Daha sonra AMEA-nın müxbir üzvü, BDU-nun Botanika və bitki fiziologiyası kafedrasının müdiri Elşad Qurbanov "İşğaldan azad olunmuş ərazilərimizin bitki müxtəlifliyinə edilmiş ekoloji terror", BDU-nun Zoologiya və fiziologiya kafedrasının professoru Hökumə Quliyeva "Azərbaycanın işğaldan azad olunmuş ərazilərində zooloji tədqiqatların bərpası və inkişaf istiqamətləri", BDU-nun Botanika və bitki fiziologiyası kafedrasının professoru Afət Məmmədova "Qarabağ regionunda törədilən ekoloji terror və bitkilər vasitəsilə ekoloji idarəetmənin perspektivləri", AMEA-nın Zoologiya İnstitutunun direktor müavini Elşad Əhmədov "Qarabağ ərazisinin fauna biomüxtəlifliyi", AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin müdiri Aydın Əsgərov "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin bitki genetik ehtiyatları və onlardan istifadə imkanları", BDU-nun Zoologiya və fiziologiya kafedrasının dosenti Sevinc Hümbətova "Kiçik Qafqazın dövlət qoruqları və yasaqlıqlarının fauna tərkibi", Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova "İşğaldan azad olunmuş ərazilərin təbii resurslarının ekoloji durumu", AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun dənli taxıl və paxlalı bitkilər şöbəsinin müdiri Xanbala Rüstəmov "İşğaldan azad olunmuş ərazilərdə taxılçılığın inkişaf perspektivləri", AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri Səyyarə İbadullayeva "Qarabağın bitki örtüyünün keçmişi, bu günü və gələcəyi", Xəzər Universitetinin Həyat elmləri departamentinin müdiri Asəf Ömərov "Azərbaycanın işğaldan azad olmuş torpaqlarında xüsusi təhlükəli patogenlər", Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin müdiri Aygün Əzizova "Qarabağda heyvandarlığın inkişaf perspektivləri və parazitoloji tədqiqatlar", Sumqayıt Dövlət Universitetinin Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri Arzu Baxşalıyev "Qarabağ regionunda biomüxtəlifliyin bərpası perspektivləri", AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun kiçik elmi işçisi Şadər Əlizadə "Qarabağ regionu üçün perspektiv pambıq sortlarının seçilməsi və onların praktikada tətbiqinin reallaşdırılması" mövzusunda məruzələri dinlənilib.

Çıxışlarda işğaldan azad olunan ərazilərin iqtisadi inkişaf imkanları, Qarabağın mineral resurs ehtiyatları, bitki örtüyü, regionun qoruq və yasaqlılarının flora və fauna xüsusiyyətləri, təbii sərvətləri haqqında məlumat verilib. Əlverişli iqlimə, coğrafi-ekoloji relyefə və geniş otlaqlara malik Qarabağ bölgəsində kənd təsərrüfatı inkişafı istiqamətində aparılacaq işlərin əhəmiyyəti qeyd olunub. Hazırda tədqiq olunan pambıq genotiplərinin gələcəkdə Qarabağ regionu üçün pambıqçılıq sahəsində ilkin materialın seçilməsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Təbii-coğrafi baxımdan respublikamızın ən zəngin bölgələrindən olan Qarabağın qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntıları, Qızıl bulaq mis-qızıl kolçedan yatağı, Vejnəli qızıl yatağı, Turşsu mineral bulağı, Qarabağda bioloji tədqiqatların istiqamətləri və perspektivləri kimi məqamlara toxunulub, təkliflər irəli sürülüb.

R.Mehdiyeva
Xəbəri paylaş