Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ana dilimizin ən böyük sərvətimiz olduğunu anlayarıq



Newscenter.az.21.02.2021. Bizim ana dilimiz Balkanlardan Çinə qədər yüz milyonlarla insanla ünsiyyətə yarayan böyük bir dildir. Ana dilimizə lazım olan dəyəri verməklə filmlərimizə yüz milyonlar baxa bilər, kitablarımızı yüz milyonlar oxuyar, musiqilərimizi yüz milyonlar dinləyər. Bu gün ana dilimizi bilməklə Anadolu türkcəsinin rus, fars və başqa dilləri geridə qoyan elmi və informasiya potensialından istifadə etmək imkanlarımız var. Amma son uğurlara baxmayaraq, yarımçıqlıq, əzilmişlikdən əziyyət çəkən millətimizin başı daha kiçik işlərə qarışıb.

Görəsən nə qədərimizin xəbəri var ki, Əfqanıstanın Herat şəhərində yaşayan, türkcəmizdə danışa bilən sonuncu soydaşımız Barat Əli Əfşar bir neçə həftə əvvəl dünyasını dəyişib. İndi isə dünyanın ən yayğın dillərindən biri olan Azərbaycan Türkcəsi Əfqanıstanda yox olmaq üzrədir. Amma gənclər mübarizə aparır. Hətta ana dilini itirmiş soydaşlarımız indi yaşlı vaxtında yenidən öz dillərini öyrənirlər.

Görəsən nə qədərimizin xəbəri var ki, Güney Azərbaycanda yüzlərlə insan sadəcə ana dilində təhsil istədiyi üçün özlərinin və ailələrinin bütün həyatları məhv edilib, hamısı həbslərdə yatır, amma bir addım da geri durmurlar. Bu gün Telegram kanallarında, ya da pullu özəl kurslarda yeniyetmələrdən qoca insanlara qədər böyük həvəslə dilimizin incəliklərini, latınla doğru yazı qaydalarını öyrənirlər.

Xəbərimiz varmı ki, Güney Azərbaycanda ata-analar övladlarına öz doğma dilimizdə ad qoymaq üçün illərlə məhkəmələrdə mübarizə aparırlar. Amma sonda nail olurlar. Məsələn, bu mübarizənin nəticəsi olaraq Şərqi Azərbaycan ostanında yeni qoyulan adların 40%-i Türkcədir. Bakını, Gəncəni belə geridə qoyublar. Bura da qayıdacam...

İstədiyimiz adı qoymaq sərbəst olduğu halda, uşaqlara gülünc mənalara gələn ərəb adları qoymaqla ərəblərin kurasiyasında olan axirətdə yerimizi möhkəmləndiririk. Və ən əsası... başqa ölkələrdəki soydaşlarımıza ana dili məsələsində nəinki yardım edirik, hətta hər cür yolla mane oluruq. Təsəvvür edin, Azərbaycanın dövlət dilini bilən xarici vətəndaş (böyük ehtimalla soydaşımız) gəlib Bakımızın o möhtəşəm universitetlərində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Musiqi, Azərbaycan tarixi kimi ixtisasları öyrənmək istəsə bizə illik 2500 manatdan başlayan pul ödəməlidir. Xarici vətəndaş özündə motivasiya tapıb bizim dili, mədəniyyəti öyrənmək istəsə biz ona təqaüd vermək yerinə, hələ ondan pul alırıq. Varmı belə ölkə?!

Bəlkə ünsiyyət bizi bu çuxurdan çıxara. Arada soydaşlarımızla hal-əhval tutmaq, nələr yaşadıqlarını öyrənmək bizi ayıldar. Sərhədlərə sığmayan böyüklüyümüzü, potensialımızı xatırladar. Ana dilimizin ən böyük sərvətimiz olduğunu anlayarıq.

Əmrah Cəfərov-Ankara Sosial Bilimlər Üniversitetinin tələbəsi
Xəbəri paylaş