Newscenter.az.21.02.2021. Artıq iki gündür ki, sosial şəbəkələrin erməni seqmentindən çox, bizimkilərin müzakirə etdiyi mövzu - 20 fevralda Xankəndindəki yürüşlə bağlıdır. Bəlkə də, yürüş bizə aid olan Xankəndində baş tutduğundan bizim cəmiyyəti daha çox maraqlandırması normaldır. Normal olmayan odur ki, İrəvandakı ermənilər qarlı və yağışlı havada küçələrə doluşub onları çörəklə, işlə təmin edəcək və 44 günlük müharibədə ömüş və itkin düşmüş övladlarının qalıqlarını valideynlərinə təhvil verəcək hakimiyyət üçün qışqırırlar. Onları nə Qarabağ düşündürür, nə də ki, ermənilərin saxtalaşdırdıqları “artsax”. Əksinə, onlar bu günə qədər başlarına gələn bütün bəlaların o işğal siyasətindən qaynaqlandığını artıq anlayırlar. Ancaq bizim bəzi insanları isə, olmayan “artsax”ın heç olmayan müstəqilliyi ciddi narahat edir. Baş verənlərə fərqli fikir bildirilir, müxtəlif dəyərləndirmələr aparılır.
Bəs əslində Xankəndində nə baş verir?! Ümumiyyətlə regionda baş verənləri diqqətlə izləyib, əsaslandırılmış təhlil aparmadan fikir bildirmək çox yanlışdır. Xüsusilə də, hazırki həssas məqamda! Çünki, hazırki informasiya mübarizəsində cəmiyyətə düşünülmüş şəkildə sızdırılan istənilən təhlükəli dezinformasiya ağır nəticələrə səbəb ola bilər.
Hazırda Xankəndində olan ermənilərin atdığı addımlara və onlarla bağlı prosesə qiymət vermək üçün mütləq, ilk olaraq İrəvana nəzər salmaq lazımdır. İrəvanda və ümumilikdə Ermənistanda nə baş verir? Siyasi resursları tam tükənmiş müxalifət dəfələrlə mitinq cəhdləri edir. İyirmiyə yaxın partiyanın Paşinyana qarşı birləşdiyi deyilir, ancaq mitinqlər nəyi göstərir? Onu göstərir ki, bu müharibə təkcə Ermənistan ordusunu deyil, onların siyasi elitasını da pərən-pərən salıb.
Başlayaq ilk müxalifət lideri Vazgen Manukyandan. Bu adam Ermənistanın işğal siyasətinin əsasını qoyanlardandır. Özünü müxalifətin lideri və Paşinyana ən real rəqib sayır, ancaq heç bir ümidi yoxdur. Jurnalist ona sual verir: “siz 2023-cü ildə parlament seçkilərində özünüzü qalib və Ermənistanın yeni baş naziri kimi görürsünüzmü?” O isə cavab verir: “xeyr, mən hələ əmin deyiləm ki, 2023-cü ildə Ermənistan bir dövlət kimi mövcud olacaq, yoxsa yox”. Baxın, insanlar Ermənistanın dövlət kimi yoxa çıxacağından narahatdır, kimlərsə hələ Qarabağın müstəqilliyindən danışır. Qarabağ və oradakı ermənilər heç İrəvandakıların yadına belə düşmür!
Qarabağ klanında da, didişmə gedir. Vahid lider seçə bilmirlər hələ ki. Moskvaya ümid edən bir siyasi meyit Köçəryanın başı daşa dəyəndən sonra, digəri, Sarkisyan ortaya çıxmağa uğursuz cəhd etdi. Bu cinayətkar ünsürlər tükəndiklərini və siyasi arenaya deyil, ən yaxşı halda yalnız beynəlxalq məhkəmə arenalarına mühakimə olunmaq üçün çıxa biləcəklərini yaxşı bilirlər. Elə ona görədir ki, onların bütün cəhdlərinə Nikol Paşinyan heç bir reaksiya vermir. Əksinə, arada bir çıxıb Azərbaycanın leyhinə fikir səsləndirir.
Digər cinayətkar Araikə gəldikdə isə, onu deyim ki, burada da təzadlı iddialar var. Çünki elə iki gün öncəyə qədər bizimkilər də Araikin rusların vasitəçiliyi ilə bizim yüksək rütbəli məmurumuzla görüşdüyünü iddia edirdilər. Əgər bu görüş olmuşdusa, o zaman bu yürüş necə oldu? İndi də, bəzi iddialar olacaq ki, elə o görüşdə bizdən bizim ərazimizdə yürüş keçirtmək üçün icazə alıblar. Araiki indi sadəcə özünün və ailə üzvlərinin təhlükəsizliyi və yaşamaq qarantiyası narahat edir, başqa heç nə! Ancaq bəzilərimiz 44 günlük müharibədə qaçıb İrəvanda gizlənən o qorxaq xunta başını az qala qəhrəman kimi qələmə verir.
Əslində müharibə tərəfdarı olmasam da, torpaqlarımızın sülh yolu ilə alınacağına ümid etsəm də, heç vaxt inanmamışam və düzü istəməmişəm ki, bu problem döyüş olmadan həll olunsun. Çünki, qarşımızdakı düşmən sülhü və danışıqları anlayan yox, yalnız gücü anlayan olub. Və həm də, əbədi olaraq həm ermənilərin, həm də, ATƏT-in saqqalsız saqqallılarının minnəti qalacaqdı üzərimizdə. Və iyirmi altı illik dövr ərzində demək olar ki, Ermənistanın təsir dairəsində olduğu zamanda müstəqil olmayan Qarabağ, heç vaxt ola bilməz. Çünki, Qarabağ Ermənistana müstəqil etmək üçün deyil, ərazilərimizi talayıb satmaq üçün və bir çox dilənçilər kimi qucağında tutduqları körpə qismində lazım olub. Qarabağdan və onunla bağlı nakam müstəqillikdən istifadə edərək planet boyu diləndilər bu illər ərzində.
Son olaraq onu qeyd edim ki, Qarabağın nə ki, müstəqilliyi, statusu belə müzakirə predmeti deyil. Rəsmi Moskva da bunu gözəl anlayır və ona görə dövlət başçısı səviyyəsində deyil, daha kiçik məmurlar səviyyəsində statusun müzakirə olunacağı ilə bağlı bir neçə dəfə fikir bildirilib. Bunu da İrəvanda Qarabağ ermənilərindən istifadə etməyi düşünən klanların planını pozaraq onları Xankəndinə köçürmək məqsədilə etdilər. Köçdülər və məsələ bitdi.
Bir də ki, bunu deyənlər düşünmür ki, Şuşasız Qarabağ mövcud deyil, ola da bilməz! Bütün dünyada hər bir regionun mövcudluğuna təminat verən strateji nöqtələr var. Şuşa da bütün Qarabağ və ətraf region üçün belə əhəmiyyət daşıyır. Məhz, elə buna görə idi ki, müharibədə daha az vaxtda və rahat şəkildə ala biləcəyimiz Xankəndinə deyil, düşməni də yanıldaraq keçilməz Şuşaya qalxdıq! Bir sözlə, biz nə Ermənistanın pərən-pərən düşən müxalifətini, nə də digər cinayətkar Araiki deyil, hazırda Ermənistanın rəhbəri olan Paşinyanın hərəkətlərini müşahidə etməliyik. 20 fevralda faciə qurbanlarını yad etmək səhnəsini və “artsax”ın həzin sonunu xarırladan o yürüşdə məcburi şəkildə addımlayan o bədbəxtləri isə müşahidə etməyə vaxtımız belə olmamalıdır! Qısaca, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan və azərbaycanlılarsız isə onların heç biri ola bilməz!
Xəyal Bəşirov-siyasi şərhçi