Newscenter.az.22.02.2021. “Azərbaycan Dəmir Yolları” QSC-də Argentinanın Azərbaycandakı səfiri Serxio Perez Qunella ilə görüş olub. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, hər iki ölkənin dəmir yolu sahəsində mövcud potensialı müzakirə olunub.
Newscenter.az-a daxil olan xəbərə görə, “Azərbaycan Dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, tranzit daşımaların artırılması istiqamətində atıla biləcək addımlardan söhbət açıb. Qeyd olunub ki, 2020-ci ildə Argentinadan ölkəmizə 3334 ton yük idxal edilib. Hər iki ölkə arasında tranzit yükdaşımaların həcmi 28 ton, ixrac yönümlü yüklərin həcmi isə 37 411 ton olub. Daşınan yüklərin arasında qara metal və mineral tikinti materialları, çörək və ərzaq məhsulları üstünlük təşkil edib. Görüşdə Argentina mənşəli yüklərin daşınması ilə bağlı təkliflər və ilkin marşrut sxemi təqdim olunub. Diqqətə çatdırılıb ki, dəniz xətti şirkətləri və tranzit keçən ölkələrin dəmir yolları qurumları ilə sıx əməkdaşlıq Azərbaycan və Argentina arasında yüklərin əlverişli və səmərəli çatdırılmasına imkan verir. Qeyd olunub ki, həmin daşınmaların Argentinanın konteyner terminalları və limanlarından götürülərək, Türkiyənin Mersin, Gürcüstanın Poti limanına çatdırılması, oradan dəmir yolu platforması üzərindən Azərbaycana və Rusiyaya, Ələt Limanı vasitəsilə Orta Asiya ölkələrinə nəqlinin həyata keçirilməsi mümkündür. Yüklərin eyni sxem əsasında Argentinaya daşınmasını da reallaşdırmaq olar.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən səfir Serxio Perez Qunella Bakıdakı diplomatik fəaliyyəti müddətində xalqlarımız arasında bir sıra oxşarlıqlar müşahidə etdiyini deyib. 44 günlük Vətən müharibəsi müddətində xalqımızın əzmkarlığının, mübarizliyinin şahidi olduğunu qeyd edən diplomat qələbə münasibəti ilə təbriklərini çatdırıb. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm dəhliz funksiyasını yerinə yetirdiyini deyən qonaq Argentinanın dəmir yollarının hazırki vəziyyəti və inkişaf istiqamətləri barədə danışıb.
Görüşdə Azərbaycanın dəmir yolu nəqliyyatının daxili və xarici imkanlarını əks etdirən təqdimat keçirilib.
Sonda hədiyyələr təqdim olunub.
Sevinc