Newscenter.az.22.02.2021. Kaspersky-nin məlumatına görə 2020-ci ilin dördüncü rübündə DDoS hücumlarının sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10% artıb, amma 2020-ci ilin üçüncü rübünə nisbətən 31% azalıb. Beləliklə, bazarın hələ yazda gözəçarpan enişi davam edib.
Newscenter.az xəbər verir ki, 2020-ci ilin sonunda DDoS hücumlarının sayının azalmasına kriptovalyuta bazarının sürətli böyüməsi təsir göstərə bilər. Şirkət mütəxəssisləri bunu botnet operatorlarının öz güclərinin bir hissəsini kriptovalyuta mədənçiliyinə yönləndirməsi ilə izah edir. Adətən, DDoS hücumlarında istifadə olunan komanda və idarəetmə serverləri kriptovalyutaları çıxarmaq üçün yoluxmuş cihazların hesablama mənbələrindən istifadə edə bilsin deyə, onlar bəzi botnetləri yenidən hazırlayıblar. Bu fərziyyə Kaspersky Security Network* statistikası ilə də təsdiqlənir. 2019-cu il boyunca və 2020-ci ilin əvvəlində kriptominatorların sayı azalıb və 2020-ci ilin avqustundan etibarən kəskin böyüməyə başlayıb və dördüncü rübdə platoya (sabit səviyyəyə) çatıb.
Bu azalma əsasən asanlıqla təşkil olunan hücumlar hesabına baş verir, ağıllı DDoS-un payı isə bir qədər azalır. Bunun səbəbi, ehtimal ki, bu cür xidmətlərin qiymətləri artdıqca ilk növbədə həvəskarların - məktəblilər, xırda xuliqanlar və DDoS sifariş etmək üçün ciddi bir səbəbi olmayan adi “başı alovlular”-ın sayının azalmasıdır. Xüsusilə tətillər və satışlarla zəngin olan dördüncü rübdə peşəkarların maraqları öz aktuallığını itirmir, buna görə də hücumlar sifariş etməyə və təşkil etməyə davam edirlər.
Bundan əlavə, oktyabr-dekabr ayları arasında təhsil qurumlarının resursları ilə bağlı hadisələr əvvəlki kimi qeydə alınmağa davam edib. Bu, xüsusilə Massaçusetsdəki bir neçə məktəb və Kanadadakı Lourens Universiteti tərəfindən bildirilib. İlin son rübündə məşhur oyun platformaları da “zibil” (lazımsız məlumat) trafikindən əziyyət çəkib.
“Bu gün DDoS hücumlarının sayındakı dəyişiklik iki əks tendensiya səbəbindən baş verir. Birincisi, ticarət və təhsil də daxil olmaqla, onlayn mənbələrin sabit fəaliyyətinin əhəmiyyəti, kiber cinayətkarların bu aləti istifadə etməyə maraqlarını artırır. İkincisi, kriptovalyutaların məzənnəsindəki artım onları mədənçilərə hücuma keçməyə sövq edir. Bu tendensiyalar davam etdikcə DDoS bazarında ciddi bir böyümə və ya azalma gözləmirik,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kaspersky DDoS hücumlarına və onların nəticələrinə qarşı uğurla mübarizə aparmağa kömək edəcək tədbirləri xatırladır:
• sayt dəstəyi belə bir hadisə halında nə edəcəyini bilən mütəxəssislərə həvalə edilməlidir;
• internet provayderləri ilə müqavilələr də daxil olmaqla, təchizatçılarla müqavilələri və əlaqə məlumatlarını diqqətlə nəzərdən keçirmək lazımdır. Bu, hücum halında komandaların ehtiyac duyduğu məlumatları tez bir zamanda əldə etmələrinə kömək edəcəkdir;
• DdoS-dan qorunmaq üçün ixtisaslaşmış korporativ həllər tətbiq etmək. Məsələn, Kaspersky DDoS Protection həlli real vaxt rejimində trafikin monitorinqini təmin edir və istənilən ölçüdə hücumları effektiv şəkildə dəf edir.
2020-ci ilin dördüncü rübündə DdoS hücumları haqqında tam hesabatı buradan oxumaq olar: https://securelist.ru/ddos-attacks-in-q4-2020/100469/.
*Fərqli ölkələrdən olan milyonlarla könüllünün kompüterlərindən məlumatların toplanması və təhlili üçün bir bulud infrastrukturu olan Kaspersky Security Network, Astraea mütəxəssis sistemindən istifadə edərək yeni təhdidlərə mümkün qədər sürətli cavab verir.
NEWSCENTER.AZ