Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kaspersky Paris Çağırışı təşəbbüsü işçi qrupun həmsədri olub



Newscenter.az.5.03.2021. Kaspersky və iri şirkətlər şəbəkəsi Cigref Kiber Məkanda Etibar və Təhlükəsizlik üçün Paris Çağırışı təşəbbüsü çərçivəsində çıxış edəcək altıncı işçi qrupun həmsədri olub. Qrupun məqsədi internetdə təhlükəsizlik səviyyəsini artıracaq konkret təkliflər hazırlamaqdır. Qrupa mütəxəssis dəstəyini məlumat bazarının geosiyasi aspektlərini öyrənən GEODE araşdırma mərkəzi göstərəcəkdir.

Newscenter.az xəbər verir ki, sürətli rəqəmsallaşma cəmiyyətin və iqtisadiyyatın strukturunu dəyişdirir. O, innovasiya və iqtisadi tərəqqi üçün böyük imkanlar təqdim edir, eyni zamanda şirkətlərin rəqəmsal infrastruktur təhlükəsizliyi üçün risklər yaradır, kiber davamlılıq və texnologiyaya inam barədə suallar doğurur.

Cigref şəbəkəsi və Kaspersky əmindir ki, İKT texnologiyalarına və təchizat zəncirlərinə inamı artırmaq üçün bazar oyunçuları, istifadəçilər, təchizatçılar və ictimai təşkilatların birgə səyləri lazımdır.
Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2018-ci ilin noyabrında təqdim olunan Kiber Məkanda Etibar və Təhlükəsizlik üçün Paris Çağırışı günümüzün ən böyük kiber təhlükəsizlik təşəbbüsü hesab olunur. Burada dünyanın hər yerindən olan 1100-dən çox dövlət adamı və sıravi şəxslər, şirkət və təşkilatlar bir araya gəlir. Təşəbbüsün məqsədi dövlətlər, ayrı-ayrı hökumətlər, özəl şirkətlər və ictimai təşkilatlar arasında əməkdaşlıq yolu ilə kiber məkanda etibar, təhlükəsizlik və sabitliyi artırmaqdır.
Paris Çağırışı çərçivəsində Fransanın Avropa və Xarici İşlər Nazirliyi, kiber məkanda qlobal səviyyədə sabitliyi təmin edəcək imkanları və vasitələri araşdırmaq üçün altı işçi qrupu yaratmağa qərar verib. Altıncı işçi qrupunun məqsədi bu təşəbbüsü dəstəkləyənlərə kiber təhlükəsizlik səviyyəsini yaxşılaşdırmağa kömək edəcək xüsusi alətlər təklif etməkdir.

“Paris Çağırışını imzalayan Cigref şəbəkəsi işçi qruplarının yaradılması işində Avropa və Xarici İşlər Nazirliyini dəstəklədi və hazırda əməliyyat işlərində iştirak edir," deyə Cigref-in Paris Çağırış üzrə nümayəndəsi Arno Kustilye bildirib.

“Kiber məkanda sabitliyin möhkəmləndirilməsi üçün əsas təşəbbüs olan Paris Çağırışını bölüşür və alqışlayırıq. Çağırışın 6-cı prinsipini dəstəkləyən Qlobal Şəffaflıq Təşəbbüsümüzə (Global Transparency Initiative) uyğun olaraq və digər sənaye təmsilçiləri, texniki ictimaiyyət, ekspertlər və vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə kiber məkanda təhlükəsizliyi və dayanıqlılığı artırmaq üçün konkret alətlərin hazırlanması üçün müzakirələrə köklənəcəyik," Kaspersky-nin baş direktoru Yevgeni Kasperski deyib.
“Avropa və Xarici İşlər Nazirliyi Paris Çağırışı işçi qrupunun idarəçiliyi istiqamətində Cigref və Kaspersky-yə etibar etməkdən məmnunluq duyur. İnanırıq ki, bu iki təşkilatın birgə səyləri qlobal kiber təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək,” deyə Fransanın Rəqəmsal Texnologiyalar üzrə Səfiri Anri Verdye bildirib.

Altıncı işçi qrup etibar və təhlükəsizliyi artırmağın yollarını axtaracaq. Onun tapşırıqlarına məhsul təhlükəsizliyi sahəsində artıq mövcud olan təşəbbüslərin və bazar iştirakçılarının öhdəliklərinin siyahısını hazırlamaq daxildir. Bu, qlobal səyləri təkrarlamadan İKT təchizatı zəncirinin təhlükəsizliyinin müzakirəsinə imkan verəcəkdir. Qrup həmçinin beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development) rəqəmsal təhlükəsizliyinə dair tövsiyələri və yaradılmasında Kaspersky-nin də iştirak etdiyi "Rəqəmsal məhsulların təhlükəsizliyi" üzrə Cenevrə dialoqu sənədi kimi mövcud təcrübələri, təşəbbüsləri və tövsiyələri öyrənəcəkdir. Qrup Paris Çağırışı icmasının sonrakı müzakirələrinə zəmin hazırlamaq üçün nəticələr və tövsiyələri müzakirə edəcəkdir.
Görülən işlərin nəticələri 2021-ci ildə Paris Sülh Forumunda təqdim ediləcəkdir. Altıncı işçi qrupu Paris Çağırışını dəstəkləyən bütün təşkilatların təkliflərinə açıqdır. Əlaqə ünvanı: [email protected].


Kiber Məkanda Etibar və Təhlükəsizlik üçün Paris Çağırışı haqqında

Təşəbbüs Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2018-ci ilin noyabrında başladılıb. Hökumətlər, özəl şirkətlər və ictimai təşkilatların kiber məkanın tənzimlənməsi üçün eyni dərəcədə məsuliyyət daşımasına əsaslanan yanaşmanı təşviq edir. Paris Çağırışı ən böyük beynəlxalq kiber təhlükəsizlik təşəbbüsüdür. Dünyanın hər yerindən oln 1100 imza sahibi tərəfindən dəstəklənir. Daha çox məlumat üçün: https://pariscall.international/en/.

Cigref haqqında

İri şirkətlər şəbəkəsi olan Cigref 1970-ci ildə qurulmuşdur. Ən böyük Fransız şirkətlərini və dövlət müəssisələrini özündə birləşdirən qeyri-kommersiya təşkilatıdır. Assosiasiyanın məqsədi şirkətlərini daha yenilikçi və səmərəli etmək üçün menecerlərə kömək etməkdir. Cigref rəqəmsal mədəniyyəti yenilik və məhsuldarlıq mənbəyi kimi təbliğ edir. Daha ətraflı məlumat üçün: www.cigref.fr.
Kaspersky haqqında

Kaspersky, 1997-ci ildən etibarən informasiya təhlükəsizliyi sahəsində çalışan beynəlxalq bir şirkətidir. Şirkətin dərin mütəxəssis biliyi və illərə söykənən təcrübəsi biznes müəssisələri, vacib infrastruktur, dövlət qurumlarını və adi istifadəçilərin təhlükəsizliyini təmin edən yeni nəsil təhlükəsizlik həlləri və xidmətlərinin mərkəzində dayanır. Kaspersky-nin geniş portfelinə istifadə zəncirinin son cihazlarının qorumaq üçün qabaqcıl məhsullarla yanaşı, mürəkkəb və daim inkişafda olan kiber təhdidlərlə mübarizə üçün bir sıra ixtisaslaşdırılmış həllər və xidmətlər də daxildir. Kaspersky texnologiyaları dünyanın hər yerində 400 milyondan çox istifadəçini və 250 mindən çox korporativ müştərini qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru.
Xəbəri paylaş