Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etməsi sübut olunub



Newscenter.az.31.03.2021. “Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib”.

“Report” xəbər verir ki, bunu “Caliber.az”a müsahibəsində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi deyib.

- Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan, eləcə də Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket sistemindən istifadə etdiyini bildiriblər. Son günlərdə bu məsələ yenidən Ermənistan mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar ortaya çıxıb. Bu cür açıqlamaları necə şərh edərdiniz?

- Bu cür açıqlamaları şərh etmək səlahiyyətimiz çərçivəsində deyil.

- Bəlkə əməkdaşlarınız hər hansı raket parçası tapıblar?

- ANAMA 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini aparır. 2021-ci il martın 15-də Agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib.

- Raket qalıqlarının tapıldığı yerin koordinatlarını deyə bilərsinizmi?

- Raket qalıqlarının coğrafi koordinatları aşağıdakı kimidir: 39°45'38.10"N 46°44'33.90"E və 39°45'27.80"N 46°45'25.80"E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların “İskəndər” raket sisteminə aid olduğu müəyyən edilib. Hətta açıq internet mənbələrində axtarış apararkən belə 9M723 identifikasiya nömrəsinin “İskəndər” raketinə aid olduğunu müəyyən etmək olar. Bütün bunlar Vətən müharibəsi dövründə, o cümlədən də Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etdiyini təsdiqləyir.
Xəbəri paylaş