Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“YAŞAT” Fondu cəmiyyət və dövlət birliyinin təcəssümüdür



Newscenter.az.13.04.2021.
Möhtərəm Prezident cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılan YAŞAT Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Eyni zamanda bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi Fondun əsas istiqamətlərindəndir.

Böyük humanitar missiyanı özündə ehtiva edən YAŞAT Fonduna könüllü ödəmələr dayanmadan davam edir və toplanan vəsait şəhid ailələrinin, qazilərimizin ehtiyaclarına sərf olunur: Ümumilikdə, Fond ötən dövr ərzində Azərbaycanın bütün ərazilərində kifayət qədər genişmiqyaslı işlərilə yadda qalıb. Şəhid ailələrinin və müharibədə yaralanan əsgərlərimizin istər sosial rifahının və ailə-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də övladlarının təhsil almaları üçün müvafiq dövlət qurumları qarşısında məsələnin qaldırılması və həlli istiqamətində əməli addımlarla yadda qalıb.

Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir. Bu müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib. Onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsini əhatə edib. Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur.

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.

Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasını, inkişaf etmiş regiona çevrilməsini, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığı, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönələcəkdir. Bu məqsədlə ölkə başçısının fərmanı ilə Fondun qarşısında ciddi vəzifələr müəyyən edilib.
İşğaldan azad edilmiş ərazilərdə hazırda təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıblar. İşğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçiriləcəkdir. Proqramın qısa müddət ərzində hazırlanması və təsdiq edilməsi nəzərdə tutulur.

Qarabağ Dirçəliş Fondu bərpa işlərinin həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsi, Azərbaycanda və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsinə dəstək verəcəkdir. Ölkə Prezidentinin Fərmanı ilə Fondun əsas maliyyə mənbələri müəyyən edilib.

Sosial siyasətinin institutlaşdırılması dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Bu, dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir. Naftalan Şəhər İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilatçısı–sektor müdiri kapitan Abdullayev Habil Hilal oğludur. Abdulllayev Habil Vətən müharibəsi iştirakçısıdır.

Azərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Çünki məhz iqtisadi yüksəliş dövlətə sosial məsələləri uğurla həll etməyə imkan verir. Hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Hətta pandemiya şəraiti səbəbindən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb. Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olur. Bu zaman ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınır. Azərbaycanda tələbələrdən tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamıya sosial qayğı göstərilir. Həyata keçirilən bu siyasət beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Həmin təşkilatlar ölkəmizdə bir sıra sosial layihələrin icrasını yüksək dəyərləndirir.

Xalqımızın ən yaxşı milli xüsusiyyətlərindən biri qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmini göstərə bilməsidir. Bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Beləliklə, hər bir fərd özünü tarixi qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının bir növ iştirakçısına çevrilə bilmə arzusunu realizə etmiş hesab edir ki, bu da ictimai vicdanı rahatladan mühüm mənəvi komponent qismində çıxış edir. Bu xalqımızın gələcək inkişafı, birlik və bərabərliyimiz üçün çox vacibdir.

Tural Məmmədov-
Xəbəri paylaş